ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi üçün Konqresdən icazə almasını tələb edən qanun layihəsini qəbul etməyib. Səsvermə zamanı layihə 47 lehinə, 52 əleyhinə səslə rədd edilib.
Referans Media xəbər verir ki, qərarın qəbul edilməməsi nəticəsində Tramp administrasiyasının İrana qarşı hərbi strategiyasını hazırkı formada davam etdirməsinin qarşısındakı əsas hüquqi maneələrdən biri aradan qalxmış hesab olunur.
Səsvermə zamanı senatorlar əsasən partiya xətti üzrə mövqe tutublar. Respublikaçılar prezidentin hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı çıxıblar.
Demokratların böyük hissəsi isə hərbi əməliyyatların Konqres nəzarəti altında həyata keçirilməsinin vacib olduğunu və bunun ABŞ Konstitusiyasına uyğun olduğunu bildiriblər.
Analitiklərin fikrincə, bu qərar Ağ Evin Yaxın Şərq siyasətində manevr imkanlarını genişləndirə bilər. Bununla belə, ABŞ-da prezidentin “müharibə səlahiyyətləri” ilə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.























