Yeni mövsüm öncəsi transfer bazarında fəallığını artıran "Fənərbaxça" müdafiə xəttini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib. Klubun gündəminə bu dəfə İngiltərə futbolundan tanınan belçikalı müdafiəçi Wout Faes daxil olub.
İddialara görə, sarı-göylülər hazırda futbolçunun transfer şərtlərini öyrənmək üçün ilkin danışıqlara başlayıb. Klub rəhbərliyi yeni mövsümdə müdafiədə daha sabit və fiziki cəhətdən güclü heyət qurmaq niyyətindədir.
Referans Media xəbər verir ki, 28 yaşlı müdafiə ötən mövsümün ikinci hissəsini icarə əsasında Monakoda keçirib və burada sabit çıxışı ilə diqqət çəkib. Təcrübəli futbolçunun "Lester Siti" ilə müqaviləsinin son ilinə daxil olması isə transfer ehtimalını gücləndirən əsas amillərdən biri kimi göstərilir.
Məlumata görə, "Fənərbaxça" yalnız bir namizədlə kifayətlənmir. Müdafiə xətti üçün bir neçə alternativ üzərində paralel şəkildə iş aparılır.
Azarkeşlər isə sosial şəbəkələrdə artıq mümkün transferi müzakirə etməyə başlayıb. Klubun yaxın günlərdə müdafiə transferi ilə bağlı daha konkret addımlar atacağı gözlənilir.
