“Türklər yeni imperiya qurur, Turan yaradır” – Qlobal gücləri qorxudan nədir?

Bir Turan kabusu dolaşır planetdə. İnsafı olan hər kəs Rusiyanın, Qərbin, İranın, ərəb dünyasının, Çinin – yəni kompasın bütün istiqamətlərinin – türklərin oyanışı ilə bağlı özünəməxsus narahatlığı olduğunu təsdiq edər. Guya türklər kiməsə qarşı birləşir, yeni imperiya layihəsi qurulur, guya hansısa gizli hesablar var. Hərə bir nağıl danışır. Amma bunlar elə-belə nağıllar deyil, alarmist tezislərdir; kökündə isə keçmişin travmalarından doğan fobiyalar dayanır.

Fobiyaların aqressiyaya çevrilməsi isə an məsələsidir. Bir sözlə, imkan verməzlər rahat-rahat snobluğumuzu edək, “sən türk olduğunu unutsan da, düşmənlərin unutmaz” klişesinə lağ edək. Kollektiv kimliyindən nə qədər uzaqlaşmaq istəsən də, xeyri yoxdur: gəlib tapacaqlar səni.

Bu mövzunun mənim üçün xüsusi əhəmiyyəti var. Bu gün Türk Dövlətləri Təşkilatı kimi tanıdığımız birliyin əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan Sazişi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qoyulub. Həmin sammitdən bir müddət əvvəl Bakıda, Xarici İşlər Nazirliyində imzalanacaq sazişə dair müavinlər səviyyəsində keçirilən iki günlük hazırlıq iclaslarında Türkiyədən gələn heyətlə qazax və qırğız nümayəndələri arasında tərcüməçiliyi mən etmişəm. TDT-nin, necə deyərlər, genezisinə şahidlik etmişəm. Ona görə də bu mövzuda fikir bildirməyə özümdə xüsusi haqq görürəm.

Fobiyalar və onlardan doğan aqressiya haqda düşünərkən on yeddi il geriyə döndüm, xatirələrimdə, yaddaşımda qurdalandım. Ona görə də tam məsuliyyətimlə deyə bilərəm: TDT-nin vizyonunda və planlarında modernlik, əməkdaşlıq və inkişaf əleyhinə bircə element də yoxdur. Azərbaycanın TDT-nin lokomotivi olduğunu nəzərə alsaq, bizim vizyonumuz həm də təşkilatın vizyonudur demək mümkündür.

Azərbaycanın bütün uğurlarının təməlində dayanan maksima hansıdır?

Ən böyük biclik düzlükdür. Niyyət və məram da əvvəldən açıq ifadə edilib: biz Avrasiyanın böyük bir hissəsində yaşayırıq, bu torpaqların sahibləriyik və bu coğrafiyanı azad, modern, texnoloji, dünyaya açıq, sekulyar, strateji baxımdan özünə güvənən, suveren məkan kimi görmək istəyirik. Küçə jarqonu ilə desək, bu coğrafiyanın sahibləri olaraq artıq qapazaltı olmağa razı deyilik. O günlər keçmişdə qaldı. Lazım gəlsə, döyüşəcəyik; asan yem olmaq fikrimiz yoxdur. Türk Birliyi özünü nə Qərbə, nə də başqasına alternativ kimi təqdim edir. Əksinə, hər kəslə əməkdaşlığa can atır. Etnik üstünlük iddiası da yoxdur. Bu nəhəng coğrafiyada müxtəlif xalqlar, dinlər, dillər və tarixi təcrübələr var və bütün bunlar onun zənginliyidir. Ona görə də inklüzivlik Türk Birliyinin təməlində dayanır.

Bəs onda niyə hələ də qorxurlar?

TDT haqqında xarici mətbuatda nə qədər müsbət, yaxud heç olmasa neytral yazıya rast gəlmisiniz? Amma “Turan təhlükəsi” haqqında saysız-hesabsız məqalə, video, sosial şəbəkə postu tapmaq mümkündür. Ən son qarşıma çıxan yazılardan biri Turanın artıq hərbi gücə çevrildiyini, “türklərin NATO-su”nun qurulduğunu qışqırırdı. Başqa birində hətta türk dövlətlərinin ortaq əlifba təşəbbüsü, ümumiyyətlə bütün sahələrdə əməkdaşlığı böyük təhlükə kimi göstərilirdi. Sanki qazaxın, özbəkin, azərbaycanlının, türkiyəlinin bir-biri ilə daha rahat danışmaq, ticarət aparmaq, yol çəkmək, universitetlərini və bazarlarını yaxınlaşdırmaq istəyi cinayətdir.

Son zamanların bir başqa trendi isə DNT analizi üzərindən türk kimliyini şübhə altına qoymaqdır. Türkiyədən olan bəzi adamlar DNT nəticələrini göstərərək, “özümü türk bilirdim, sən demə erməniymişəm, yunanmışam, ərəbmişəm…” deyə kameraya ağlayırlar. Bunların arasında əlbəttə ki, zəif xarakterli, oyuna gələn insanlar da var, amma təxribatçılar da az deyil. Türklərə dair müsbət, ya da mənfi bütün postların altında “get DNT analizi ver” deyənlərin aktivliyini görmək mümkündür. İstənilən mövzuda söhbəti DNT-yə gətirirlər, bununla da özünü türk kimi identifikasiya edənləri dərin kədərə qərq edəcəklərinə inanırlar. Halbuki, kimlik yalnız genetik analizlə müəyyən edilsəydi, dünyada heç bir xalq öz adını daşıya bilməzdi. Bütün xalqlar əsrlər boyu qarışıb, köçüb, yayılıb, dəyişib. Bu həqiqəti hamı bilir, amma nədənsə yalnız türklərə gələndə DNT mövzusu “siyasi arqument” kimi ortaya atılır.

Bizim öz içimizdə də tənqidi, skeptik yanaşma az deyil. “Hamısı boş söhbətdir, simvolik toplantılardır, ortada real nəticə yoxdur” filan deyirlər. Şərt deyil ki, pis niyyətlə deyilsin, həddindən artıq yüksək gözləntilərdən də ola bilər. Bugünkü mürəkkəb geosiyasi reallıqda nə mümkündürsə, hansı formada mümkündürsə, elə də edilir. Birlik dövlətləri suyu üfürə-üfürə içərək irəliləyirsə, deməli belə lazımdır. Ona qalsa, hər şeylə məzələnmək, şikayətlənmək, qardaşlıq, ortaq tarix, ortaq yaddaş, bunların hamısını ironiya predmetinə çevirmək olar. Amma əgər türk kimliyi azərbaycanlıların böyük hissəsi üçün mühüm identiklik qatıdırsa, bu kimlikdən dünyada xortdan kimi istifadə olunması bizi narahat etməyə bilməz.

Fakt odur ki, Türk dövlətləri arasında, xüsusilə xalqlar səviyyəsində səmimi yaxınlıq var. Azərbaycanlı qazaxın, qırğızın, özbəkin uğuruna laqeyd qala bilmir; Türkiyədəki sevinc Azərbaycanda da sevinc doğurur. “Sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi boş şüar deyil. Və görünür, bunu da bizə bağışlaya bilmirlər. Bir-birinin uğuruna səmimi sevinən xalqların olması bəzi çevrələri narahat edir. Bizim intellektual xəcalət hissimiz bələ şeylər haqda danışmağı bizə qadağan etsə də, arada lazımdır. Nifrətin mənbəyi təkcə qorxu deyil, həm də qısqanclıqdır.

Biz isə “ən böyük biclik düzlükdür” prinsipinə sadiq qalaraq, “Turan” anlayışı ilə bağlı aydın mövqe ortaya qoymalıyıq. Hazırda bu söz biz tərəfdən sanki yetim buraxılıb. Halbuki “Turan” hələ də xüsusilə Rusiya və Ermənistan informasiya məkanında ekspansionist plan, qorxulu geosiyasi layihə kimi təqdim olunur. Ona görə də bu anlayışı yalnız rəqiblərin izahına buraxmaq olmaz, ondan bu qədər qorxmaq lazım deyil. Əgər sən öz sözünü izah etmirsənsə, semantik boşluq yaranır və həmin boşluğu sənin əleyhinə doldururlar. TDT-nin rəsmi diskursunda “Turan” sözünün olmaması yaxşı hal deyil. Təşkilatın rəsmi saytında “Turan” axtarışı Türkistan şəhərində yerləşən “TURAN” Xüsusi İqtisadi Zonası ilə bağlı xəbərə aparır. Vəssalam. Bu isə anlayışın hələ də siyasi, ideoloji və sivilizasion məna baxımından artikulyasiya olunmadığını göstərir.

Əlbəttə, problemlər təkcə definisiya ilə bağlı deyil. Ciddi məsələlərdən biri də dildir. Ortaq tarix, emosional yaxınlıq və qardaşlıq hissi vacibdir, amma müasir inteqrasiya təkcə hisslərlə qurulmur. Dil baryeri real problemdir və onu sistemli təhsil siyasəti ilə aradan qaldırmaq lazımdır. İlk mərhələdə ortaq latın qrafikasına keçid təmin edilməli, daha sonra türk dillərinin qarşılıqlı tədrisi genişlənməlidir. “Ortaq türk dili”ndən danışmaq hələ tezdir, amma Azərbaycanda və Türkiyədə uşaqlar ən azı seçməli fənn kimi qazax, özbək, qırğız dilləri haqqında təməl bilik ala bilərlər. Mərkəzi Asiyada isə Azərbaycan türkcəsi və Türkiyə türkcəsi öyrədilə bilər. Məqsəd ən azı bir-birini anlayacaq səviyyəyə çatmaqdır.

Türk kimliyinə qarşı aparılan hibrid informasiya müharibəsinin sonu görünmür, bütün çağırışlara hazır olmalıyıq. Türkiyə sosial mediasında bir mem rastıma çıxdı: “Sir, we are secular, my mom has blonde hair and white skin.” Yəni nə qədər sübut etməyə çalışsan da ki, sən dünyaya açıqsan, sekulyarsan, modernsən, qorxacaq adam yenə qorxur. Bəlkə çox da haqsız saylılmazlar qorxularında. Türk dünyası bir-birini tanımağa, bir-birinin dilini öyrənməyə, imkanlarını birləşdirməyə başlayanda bu, türkçülüyün folklor mövzusu olmaqdan çıxıb real gücə çevrilməsi deməkdir. Hər nə qədər bu gücün mahiyyəti aqressiya olmasa da, fobiya tacirləri əl çəkməyəcəklər.

Yazıya TDT-nin quruluşu ilə bağlı şəxsi xatirəmlə başladım, şəxsi xatirəmlə də bitirim. Mən “türk” sözünü ilk dəfə uşaq vaxtı bir Bakı ermənisi qadından eşitmişəm. O vaxta qədər Bakının mərkəzində azərbaycanlı, Abşeron kəndlərində isə müsəlman kimliyimin olduğunu bilirdim, amma həm də türk olduğumu yeni öyrənirdim. Heç də xoş niyyətlə, müsbət tonda deyilməmişdi o söz mənə. Amma əsas sual başqadır: lazım idi sizə dəlinin yadına daş salmaq?

İndi də 180 dərəcə dəyişərək bizə DNT analizi üçün yalvarırsınız.globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki