ABŞ və İsrailin İran üzərinə yönəlmiş hərbi əməliyyatlarına baxmayaraq, ABŞ kəşfiyyatının hazırladığı gizli hesabat Tehrandakı idarəetmənin qısa müddətdə çökmə riski daşımadığını göstərib. Hesabat rejimin ölkə üzərində nəzarətini qoruduğunu ortaya çıxarıb.
Referans Media xəbər verir ki, “Reuters” agentliyi ABŞ kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. ABŞ Milli Kəşfiyyat Şurasının hazırladığı gizli qiymətləndirmələrdə İranın siyasi və hərbi idarəetmə strukturunun möhkəm olduğu və rejimin ölkə üzərində nəzarəti itirmədiyi bildirilib. Fərqli kəşfiyyat hesabatları da rejimin yaxın zamanda çökə bilməyəcəyi qənaətinə gəlib.
Gizli qiymətləndirməyə görə, İran üzərinə genişmiqyaslı hərbi hücumlar belə mövcud dini və hərbi idarəetməni devirmək üçün kifayət etməyəcək. Hesabatda həmçinin qeyd olunub ki, rəhbərlik komandasında itkilər olsa da, dövlət institutlarının mövcud varislik mexanizmləri idarəetmənin davamını təmin edə bilər.
Hesabatda, İranın müxalif qüvvələrinin qısa müddətdə hakimiyyəti ələ keçirə biləcək potensiala malik olmadığı da vurğulanıb. Bu qiymətləndirmə, ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən aparılan əməliyyatların rejim dəyişikliyinə səbəb ola biləcəyinə dair gözləntiləri şübhə altına alır.
ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) hesablamalarına görə, İran üzərinə yönəlmiş əməliyyatların ilk 100 saatında ABŞ üçün maliyyə xərci təxminən 3,7 milyard dollar olub. Bu da gündəlik təxminən 890 milyon dollar xərclə nəticələnir. Analitiklər əməliyyatların davam etməsi halında Pentaqonun əlavə büdcə tələb edə biləcəyini bildirirlər.
ABŞ-ın bəzi senatorları isə savaşın gündəlik xərclərinin 890 milyon ilə 1 milyard dollar arasında olacağını proqnozlaşdırır. Uzunmüddətli davam edərsə, ekspertlər ABŞ iqtisadiyyatına ümumi maliyyətin 200 milyard dolları keçə biləcəyini qeyd edirlər.
İsrail və ABŞ, Tehranla Vaşinqton arasında danışıqlar davam edərkən, 28 fevralda hərbi əməliyyatlara başlayıb. İran isə İsrail və ABŞ-a aid bazaların olduğu Qətər, BƏƏ və Bəhreyn daxil olmaqla bir sıra regional hədəflərə cavab zərbələri endirdi.
Bu hücumlarda İran lideri Ayətullah Əli Xamenei ilə yanaşı bir çox yüksək səviyyəli rəsmilər həlak oldu. İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail əməliyyatlarında 1332 nəfər həyatını itirdi.























