Aİ-92 istifadə edənlərin nəzərinə: Qiymətlər yenidən QALXIR?

Ermənistan, Gürcüstan və Türkiyədə yanacağın qiymətində artım müşahidə olunur. Regionda bu tendensiya fonunda Azərbaycanda benzin və dizel yanacağının qiymətlərinin hansı amillərdən asılı olduğu və yaxın dövrdə qiymət artımının gözlənilib-gözlənilmədiyi maraq doğurur.

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da qiymət məsələsini gündəmə gətirir. Lakin Azərbaycanda benzin və dizelin qiyməti qonşu ölkələrdəki kimi yalnız dünya bazarındakı neft qiymətləri ilə müəyyənləşmir.

Onun sözlərinə görə, Aİ-92 benzini və dizelin pərakəndə qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Hazırda Aİ-92 benzininin qiyməti 1,15 manat, dizelin qiyməti isə 1,10 manatdır.

“Azərbaycanda qiymət dəyişikliyi üçün əsas amillərdən biri yanacağın istehsal maya dəyəridir. 2024-cü ildə qiymət artımı məhz Aİ-92 və dizelin maya dəyərinin yüksəlməsi, yanacağın keyfiyyətinin AVRO-5 standartlarına uyğunlaşdırılması və neft emalı sahəsindəki xərclərlə əsaslandırılmışdı. Digər tərəfdən, vergi və yol vergisi, emal və logistika xərcləri də son qiymətin formalaşmasına təsir edir. 2026-cı ilin əvvəlindən yanacaq tariflərinin müəyyən hissəsinin ictimai nəqliyyat fonduna yönəldilməsi də qiymət strukturunda nəzərə alınan amillərdən biridir”, – deyə ekspert qeyd edib.

A.Nəsirli vurğulayıb ki, dünya bazarında neftin bahalaşması Azərbaycanda benzinin qiymətinin avtomatik artırılması demək deyil:

“Bununla belə, neft və neft məhsullarının qiymətləri uzun müddət yüksək qalarsa, emal və təchizat xərcləri, daxili bazarın maliyyələşdirilməsi və qiymət siyasəti baxımından yeni tarif qərarı üçün iqtisadi əsaslardan biri yarana bilər. Hazırda isə yalnız regiondakı bahalaşmaya əsaslanaraq Azərbaycanda qiymət artımının qaçılmaz olduğunu söyləmək düzgün olmaz”.

Ekspertin sözlərinə görə, yanacağın qiyməti artırılarsa, bunun ən sürətli təsiri nəqliyyat xərclərində görünə bilər. Taksi, yükdaşıma, sərnişindaşıma və digər nəqliyyat xidmətlərinin maya dəyəri yüksələ bilər. Daha sonra bu xərc artımı ərzaq, kənd təsərrüfatı məhsulları, tikinti materialları və digər malların daşınma xərcləri vasitəsilə qiymətlərə müəyyən təzyiq göstərə bilər.

“Xüsusilə dizelin bahalaşması kənd təsərrüfatı və yükdaşıma üçün daha həssas məsələdir. Traktor, kombayn, yük maşınları və digər texnikanın yanacaq xərcləri artdıqda istehsalçının maya dəyəri yüksəlir. Bu isə son nəticədə məhsulun topdansatış və pərakəndə qiymətinə təsir göstərə bilər.

Lakin yanacağın qiymətində hər artım digər məhsulların qiymətində eyni nisbətdə artım yaratmır. Burada rəqabət, məhsulun daşınma məsafəsi, istehsal xərclərinin strukturunda yanacağın payı və satıcıların qiymət siyasəti də rol oynayır. Buna görə mümkün yanacaq bahalaşmasının əsas makroiqtisadi riski onun birbaşa deyil, nəqliyyat və logistika xərcləri vasitəsilə geniş qiymət zəncirinə yayılmasıdır”, – deyə A.Nəsirli əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki