Azərbaycanda sahibsiz və küçə heyvanları ilə bağlı problem yenidən gündəmə gəlib. Bu dəfə açıqlanan statistika məsələnin miqyasını ortaya qoyub.
2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar tərəfindən 34 776 nəfərin dişləndiyi açıqlanıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılovanın sözlərinə görə, həmin şəxslər arasında yalnız bir nəfərdə quduzluq halı qeydə alınıb.
O bildirib ki, əvvəlki illərdə də heyvan dişləmələri ilə bağlı yüksək rəqəmlər qeydə alınıb. Belə ki, 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insan heyvanların hücumuna məruz qalıb. Rita İsmayılova eyni zamanda Azərbaycanda quduzluq hallarının azalma tendensiyası nümayiş etdirdiyini vurğulayıb.
Bəs rəqəmlər nəyi göstərir? Problem sahibsiz heyvanların sayının artmasındadır, yoxsa onların idarə olunması və nəzarətdə saxlanılması mexanizmlərində?
Rusiyadakı bir sorğunun ilginc nəticəsi - Azərbaycanla düşmənçiliyə davam?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan sosioloq Üzeyir Şəfiyev hesab edir ki, son illərdə xüsusilə paytaxtda it və pişiklərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Sosioloq bunun səbəblərindən birini insanların həyat tərzində baş verən dəyişikliklərlə əlaqələndirib: “Mən 1990-cı ildə Bakıya gəlmişəm. O vaxt paytaxtda bu qədər heyvan, bu qədər it sürüsü və pişik yox idi. Son 10 il ərzində isə xüsusilə paytaxtda və mərkəzi şəhərlərdə it və pişiklərin sayında ciddi artım gördük”.
Üzeyir Şəfiyevin fikrincə, xarici ölkələrə səfərlərin və fərqli həyat tərzlərinin təsiri də bu prosesdə rol oynayıb. Onun sözlərinə görə, bəzi insanlar xaricdə gördükləri həyat tərzini təqlid edərək ev heyvanları saxlamağa başlayıblar. Lakin sonradan heyvana maraq azaldıqda onu küçəyə atanlar da olur. “İnsanlar bir-birini sanki təqlid etməyə başladılar. Biri it saxlayır, digəri də it saxlayır. Bəzən bu, sosial yarışa çevrilir. Amma bir müddət sonra maraq azalır və heyvanı küçəyə buraxırlar. Beləliklə, onlar çoxalmağa başlayır və şəhərlərdə adekvat olmayan mənzərə yaranır”, – deyə sosioloq bildirib.
Şəfiyev hesab edir ki, hazırkı vəziyyət nəzarət mexanizmlərinin təkmilləşdirilməsini tələb edir. Onun sözlərinə görə, xüsusilə paytaxt və iri şəhərlərdə itlərin sürü halında insanlara hücum etməsi normal hal kimi qəbul edilə bilməz: “Açıqlanan statistika özü-özlüyündə SOS siqnalıdır. Bu məsələ tənzimlənməlidir. Paytaxt müasir, qlobal çağırışlara cavab verən bir mühit olmalıdır. Burada itlərin sürü halında insanlara hücum etməsi və insanları narahat etməsi yolverilməzdir”.
Sosioloq problemin yalnız heyvanlarla bağlı olmadığını, insanlarla da maarifləndirici iş aparılmasının vacibliyini vurğulayıb: “Özlərini heyvansevər kimi göstərib bunu sadəcə hobbi kimi qəbul edən, daha sonra həvəsdən düşərək heyvanı küçəyə atan insanlar da var. Müvafiq qurumlar bu məsələyə daha ciddi yanaşmalı, insanlarla maarifləndirici iş aparılmalıdır”.
“Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri Nərminə Qəribova isə problemin həllinin heyvanların məhv edilməsində deyil, onlara nəzarət mexanizminin yaradılmasında olduğunu düşünür. Onun sözlərinə görə, küçə heyvanları ekosistemin bir hissəsidir və onların sayının tənzimlənməsi sistemli şəkildə həyata keçirilməlidir: “Əslində sahibsiz heyvan yoxdur. Onlar ekosistemin bir parçasıdır və bizim üçün önəmli canlılardır. İnsanları da qınamıram. Mənim də övladım var. Övladım küçədə gedərkən hansısa it ona hücum etsə, təbii ki, onun həyatını qorumaq istəyərəm. Burada vətəndaşları günahlandırmıram. Amma ümumi bir ortaq məxrəcə gəlməliyik”.
N. Qəribovanın fikrincə, küçə heyvanlarının qidalanması, çiplənməsi və peyvəndlənməsi ilə bağlı sistem yaradılmalıdır: “Onların da həyatını qorumaq, qidalandırmaq, çipləmək, peyvəndləmək və xarici təcrübəni öyrənmək lazımdır. Biz bu təklifləri vermişik. Amma küçə heyvanlarının qidalanması, çiplənməsi və peyvəndlənməsi ilə məşğul olacaq qurum məsələsi hələ də həllini tapmayıb”.
O hesab edir ki, heyvanların aqressiv davranışlarının səbəblərindən biri də onların qida çatışmazlığı ilə üzləşməsidir. “Əvvəllər zibil yeşiklərinin ağzı açıq olurdu, heyvanlar oradan qida tapa bilirdilər. İndi zibil yeşikləri bağlıdır, tullantılar onlara əlçatan deyil. Nəticədə heyvanlar ac qalır və aqressivləşirlər”.
Nərminə Qəribova küçə heyvanlarının tamamilə məhv edilməsinin problemin həlli olmadığını bildirib: “Bizim ixtiyarımız yoxdur ki, onların hamısını öldürək, kökünü kəsək və deyək ki, onlar bizə lazım deyil. Bu belə deyil. Onlar ekosistemin bir hissəsidir. Biz düşünməliyik ki, onların həyatını necə asanlaşdıraq”.
QHT rəhbəri problemin həlli üçün konkret təkliflər də səsləndirib. Onun sözlərinə görə, zibil qutularının yaxınlığında heyvanlar üçün xüsusi yem və su qablarının yerləşdirilməsi mümkün variantlardan biridir. “Təklif etmişdim ki, zibil yeşiklərinin yanında heyvanlar üçün su və yemək qoyulacaq xüsusi qablar yerləşdirilsin. İnsanlar da qida artıqlarını həmin yerlərə qoysunlar. Bunun üçün müəyyən maliyyə lazımdır. Dövlət tərəfindən bələdiyyələrə vəsait ayrıla bilər”.
Qəribova hesab edir ki, bu sahədə bələdiyyələrin də üzərinə məsuliyyət qoyulmalıdır:
“Küçə heyvanlarına qayğı göstərmək, onları müayinədən keçirmək, çipləşdirmək, su və qida ilə təmin etmək lazımdır. Şəhər şəraitində küçə itlərinin və pişiklərinin necə qidalanması məsələsi sistemli şəkildə həll edilməlidir”.
O, cəmiyyətdə heyvanlara münasibətlə bağlı maarifləndirmənin də gücləndirilməsinin vacibliyini vurğulayıb: “Biomüxtəlifliyə və ekosistemə nəzər salsaq, görərik ki, heç bir canlının yaşaması üçün insanlara ehtiyacı yoxdur, lakin bizim yaşamamız üçün həmin canlıların hamısı lazımdır. Şüurlu varlıq olaraq onları qorumaq və müdafiə etmək bizim mənəvi borcumuzdur. Onları məhv etməklə heç bir problem həll olunmur”.
N. Qəribova həmçinin Türkiyədə heyvanlarla bağlı həyata keçirilən tədbirlərin cəmiyyətdə yaratdığı müzakirələrə diqqət çəkərək, Azərbaycanda analoji gərginliyin yaşanmaması üçün daha sistemli və insani yanaşmanın vacibliyini qeyd edib. Onun qənaətincə, əsas istiqamətlər küçələrdə heyvanlar üçün yem və su qablarının yerləşdirilməsi, QHT-lərin iştirakı ilə məktəblərdə maarifləndirmə işlərinin aparılması və həyata keçiriləcək tədbirlərin həm insanlar, həm də heyvanlar üçün faydasının cəmiyyətə izah edilməsidir.
Açıqlanan statistika küçə heyvanları məsələsinin artıq yalnız heyvansevərləri deyil, ictimai təhlükəsizlik və sağlamlıq baxımından bütün cəmiyyəti maraqlandıran problemə çevrildiyini göstərir. Məsələnin həlli isə həm insanların təhlükəsizliyinin, həm də heyvanların qorunmasının nəzərə alındığı sistemli yanaşma tələb edir.
