Mənzil bazarı rəsmən od tutub yanır: 400 manat maaşla Bakıda ev almaq xəyalı darmadağın oldu!

Hazırkı minimum əməkhaqqı və mənzil qiymətləri nəzərə alınmaqla, Azərbaycanda minimum əməkhaqqı alan bir şəxsin mənzil sahibi olması real olaraq nə qədər müddət çəkə bilər? Əgər həmin şəxs maaşının müəyyən hissəsini hər ay yığarsa, orta qiymətli mənzil üçün təxminən neçə il ərzində vəsait toplaya bilər və bu müddətin qısaldılması üçün hansı mexanizmlər tətbiq oluna bilər?

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, ilk növbədə, minimum əməkhaqqı ilə mənzil almaq hipotetik bir şeydir, yəni fərziyyədir. Çünki bu mümkün deyil.

Onun sözlərinə görə, 400 manatın hamısını mənzil üçün ayırmaq mümkün deyil:

“Bildiyimiz kimi, istehlak səbəti təqribən 320 manatdır. Əgər orada 80 manat qalırsa, 100 manat hesablasaq, vətəndaş 100 manatı yığmaqla həmin dövrdə 83 il yaşamalıdır ki, yığım etsin. Burada da təminat yoxdur ki, 80 ildən sonra mənzillərin qiyməti daha da yüksəlməyəcək və yaxud da həmin minimum əməkhaqqı öz təsirini, yəni manat olaraq dəyərini itirməyəcək”.

V.Oruc qeyd edib ki, bundan əlavə, hər il inflyasiya baş verir və pulun alıcılıq qabiliyyəti dəyişir:

“Düşünürəm ki, minimum əməkhaqqının 25 faizini, yəni 100 manatı yığmaqla 80 ildən çox adam yaşamalıdır. Və yaxud da tam maaşı götürsək, məsələn, 400 manatı götürsək, ildə 4800 manat olmaqla, gərək yenə də 40-50 il yaşasın ki, normal bir mənzil ala bilsin”.

Ekspert bildirib ki, Azərbaycanda, daha doğrusu, ucqar ərazilərdə belə, 25-30 il yığmaqla mənzil sahibi olmaq real görünmür:

“Bu da real görünmür. Çünki həmin dövrdə yığımın faizi düşəcək, yığım əvvəlki yığım olmayacaq. Hətta dollarla da yığılsa belə, yəni ABŞ dolları ilə, dolların da alıcılıq qabiliyyəti ildən-ilə dəyişir. Yəni o da real görünmür”.

O vurğulayıb ki, hazırkı minimum əməkhaqqı ilə mənzil sahibi olmaq mümkün deyil.

“Əgər həmin şəxs maaşını mənzil üçün hər ay yığırsa, orta qiymətə mənzil almaq da real deyil. Yəni gəlirlər və maaşlarla mümkün deyil”, – deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, orta aylıq əməkhaqqı 1175 manatdır və bu gəlirlə müəyyən qədər mənzil almaq mümkün ola bilər:

“Orta əməkhaqqı 1175 manatdır. Onunla bəlkə də mümkün olar, amma onunla da belə hesab edərkən gəlib görürsən ki, Bakının mərkəzində və mərkəzə yaxın yerlərdə deyil, ucqarlarında mənzil alınması mümkündür”.

Ekspertin sözlərinə görə, mənzil təminatını yaxşılaşdırmaq üçün ilk növbədə ailələrin gəlirləri və əməkhaqları artmalıdır:

“Birinci növbədə, bu mənzil əsasını təmin etmək üçün ailələrin gəlirləri artmalıdır, əməkhaqları artmalıdır. İnflyasiya nə qədər ildə baş verirsə, bir o qədər də həmin məbləğ nəzərə alınmalıdır”.

V.Oruc əlavə edib ki, orta əməkhaqqı ilə belə, istənilən şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə mənzil almaq mümkün deyil:

“Orta əməkhaqqı da belə olsa, istənilən şəhərin mərkəzlərində, mərkəzlərinin yerlərində mənzil almaq olmaz. Ucqar ərazilərə dağılmaq olar”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki