Rusiyada neftayırma zavodlarına hücumların artması artıq regional məsələ olmaqdan çıxaraq qlobal neft məhsulları bazarı üçün ciddi risk yaradır.
Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, burada əsas məsələ xam neftin hasilatı deyil, neftin emal gücünün azalmasıdır.
Onun sözlərinə görə, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiyada bu ilin ilk səkkiz ayında neftayırma zavodlarına orta hesabla hər üç gündə bir hücum olub. Nəticədə Rusiyada emal həcmi ciddi şəkildə aşağı düşüb, benzin istehsalı təxminən 20 faiz, dizel istehsalı isə 30 faizə yaxın azalıb.
“Rusiya artıq daxili bazarı təmin etmək üçün xaricdən yanacaq idxal etməyə məcbur olur. Bu proses qlobal bazarda xüsusilə dizel üzrə təklifin azalması deməkdir. Dünya bazarında dizel çatışmazlığı yarandıqca onun qiyməti ilə yanaşı, neft emalı marjaları və daşınma xərcləri də yüksələ bilər. Beynəlxalq Enerji Agentliyi artıq qlobal dizel ixracının əvvəlki illə müqayisədə 10 faiz azaldığını və bazarın daha həssas vəziyyətə gəldiyini bildirir. Azərbaycan üçün əsas risk də məhz buradadır”, - deyə iqtisadçı qeyd edib.
A. İbrahimovun sözlərinə görə, birinci risk yanacağın qiymətidir. Azərbaycan daxili tələbatının mühüm hissəsini öz emal imkanları hesabına təmin etsə də, dünya bazarında yanacaq qiymətlərinin yüksəlməsi idxal olunan məhsulların, logistikanın və alternativ təchizatın maya dəyərinə təsir göstərə bilər. Bu təsir xüsusilə dizel bazarında daha ciddi hiss oluna bilər.
“İkinci risk logistika və daşınma xərcləridir. Dizel bahalaşdıqca yük avtomobillərinin, kənd təsərrüfatı texnikasının, dəmir yolu və dəniz nəqliyyatının yanacaq xərcləri artır. Bu isə yalnız yanacaqdoldurma məntəqəsində qiymətin artması demək deyil. Yükün daşınması bahalaşır, nəticədə ərzaqdan tikinti materiallarına qədər bir çox məhsulun maya dəyərinə əlavə xərc daxil olur.
Üçüncü risk inflyasiyadır. Yanacağın qiyməti iqtisadiyyatın demək olar ki, bütün sahələrinə toxunur. Çünki məhsulu istehsal etmək, anbara aparmaq, anbardan mağazaya çatdırmaq və xidmət göstərmək üçün nəqliyyat lazımdır. Buna görə dizelin bahalaşması birbaşa və dolayı kanallarla qiymət artımını sürətləndirə bilər.
Dördüncü risk isə regiondakı rəqabətdir. Rusiya yanacaq çatışmazlığını aradan qaldırmaq üçün artıq Hindistan, Türkiyə və digər ölkələrdən neft məhsulları idxal edir. Bu isə həmin bazarlarda əlavə tələb yaradır və regional yanacaq ticarətinin istiqamətini dəyişir”, - deyə o bildirib.
İqtisadçı əlavə edib ki, burada Azərbaycan üçün bir imkan da var. Əgər qlobal bazarda yanacaq məhsullarının qiyməti yüksəlirsə, Azərbaycanın neft emalı və neft məhsullarının ixracı üzrə gəlir imkanları arta bilər. Yəni eyni proses Azərbaycan üçün həm risk, həm də gəlir mənbəyi yarada bilər.
“Mənim fikrimcə, əsas məsələ qiymətin sabah neçə qəpik dəyişməsi deyil. Əsas məsələ enerji bazarında yeni xərc dalğasının yaranmasıdır. Əgər bu vəziyyət uzun müddət davam edərsə, Azərbaycanda ilk növbədə logistika, yükdaşıma, kənd təsərrüfatı və istehsal sektorlarının maya dəyərinə təzyiq artacaq. Ona görə Rusiyada neftayırma zavodlarına hücumlar və yanacaq bahalaşması Azərbaycan iqtisadiyyatında hansı xərcləri artıracaq üzərində düşünməliyik. Cavab da kifayət qədər aydındır: nəqliyyat, logistika, istehsal və nəticədə məhsulun maya dəyərinə ciddi təsir edə bilər. Azərbaycan üçün ən böyük risk dünya enerji bazarında yaranan şokun daxili iqtisadiyyata xərc inflyasiyası vasitəsilə ötürülməsidir”, - deyə A. İbrahimov vurğulayıb.
Gülnaz Abdullazadə
