Məzuniyyətə çıxmayanların DİQQƏTİNƏ: İlin sonunda belə bir tələb yarana bilər

Əmək münasibətlərində işçilərin məzuniyyət hüquqları ilə bağlı müxtəlif suallar yaranır. İşəgötürən işçini məzuniyyətə çıxmağa məcbur edə bilərmi və işçinin istifadə etmədiyi məzuniyyət günləri növbəti ilə keçirilə bilərmi? Həmçinin işçi məzuniyyət hüququndan istifadə etmədikdə həmin günlərin “yanması” və ya kompensasiya edilməməsi qanunvericilik baxımından mümkündürmü?

Referans Media-ya açıqlama verən hüquqşünas Ruslan Mustafa bildirib ki, ümumiyyətlə, Əmək Məcəlləsində məzuniyyətlə bağlı hissə tam şəkildə qeyd olunub və hesab edir ki, bu hissədə ciddi boşluqlar yoxdur.

Onun sözlərinə görə, hər bir işçinin məzuniyyət hüququ var və bu hüququn təmin edilməsi məcburidir. Lakin məzuniyyət günlərinin sayı müxtəlif amillərdən asılı olaraq hesablanır:

“Məzuniyyət günlərinin sayı stajdan, tutduğu vəzifədən, himayəsində uşağın olub-olmamasından və həmin uşağın neçə yaşında olmasından asılıdır. Bunlar məzuniyyət günlərinin sayına təsir göstərən hallardır. Amma hər kəsin məzuniyyət hüququ var və məzuniyyət hüququ heç bir halda pozula bilməz”.

Hüquqşünas qeyd edib ki, işəgötürən işçini məcburi məzuniyyətə göndərə bilməz.

“Əgər istehsalda və yaxud hər hansı fəaliyyət sahəsində dayanma, xidmətin göstərilməsində hər hansısa fasilə yaranıbsa, bu zaman işəgötürən işçisini məcburi məzuniyyətə göndərə bilməz. Yalnız qanunvericilikdə Əmək Məcəlləsinin nəzərdə tutulduğu üçün boşdayanma halı hesab edilə bilər. Həmin qanunvericilikdə də boşdayanma zamanı əməkhaqqının hesablanması müddətləri göstərilib”, – deyə R.Mustafa bildirib.

O vurğulayıb ki, boşdayanma ilə bağlı qanunvericilikdə müəyyən müddət və əməkhaqqının ödənilməli olan miqdarı göstərilib və həmin məbləğ işəgötürən tərəfindən ödənilməlidir.

Hüquqşünas istifadə olunmayan məzuniyyət günlərinin isə hesablanmalı və işçiyə tam şəkildə ödənilməli olduğunu bildirib:

“Əsasən işəgötürənlər işçisi ilə bu halı o zaman həyata keçirirlər ki, əmək müqaviləsi ləğv edilir və yaxud həmin işçi işdən çıxarılır. Son haqq-hesab deyilən hissədə işəgötürən mütləq şəkildə işçiyə istifadə olunmayan məzuniyyət haqqını hesablamalı və təqdim etməlidir”.

R.Mustafanın sözlərinə görə, qanunun tələblərinə əsasən, bu proses hər il baş verməlidir:

“İlin sonunda əgər şəxs həmin il üçün nəzərdə tutulan məzuniyyətdən istifadə etməyibsə, həmin müddətdə işləyibsə, bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Əgər işçi o məzuniyyətdən istifadə etməyibsə, həmin dövrdə bütün il boyu işləyibsə, ilin sonunda işəgötürən istifadə olunmamış məzuniyyət haqqını hesablamalı və işçiyə ödəməlidir”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki