Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Problemli kreditlərin həcmi ilin əvvəlinə nisbətən 37,6 faiz, son bir ildə isə 36 faiz artıb. Bəs bu artımın əsas səbəbləri nələrdir və hazırkı göstəricilər bankların maliyyə dayanıqlılığı baxımından hər hansı risk yaradırmı? Problemli kreditlərin artması fonunda Azərbaycanda hər hansı bankın fəaliyyətini dayandırması və ya bağlanması ehtimalı varmı?
“İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Referans Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 721 milyon manat təşkil edir ki, bu da Azərbaycan iqtisadiyyatına qoyulan kredit qoyuluşlarının ümumi həcmində təqribən 2 faiz təşkil edir.
Onun sözlərinə görə, bu, qorxulu hədd deyil:
“Bu 10 faiz olsa, deyək ki, təhlükəli həddə yaxınlaşıb. Əslində, normal həddir və belə bir vəziyyətdə hansısa bankın bağlanmasına və ya böyük iqtisadiyyata zərər vurmasına gətirib çıxaran hal yoxdur”.
Ekspert qeyd edib ki, vaxtı keçmiş kreditlərin yaranmasının əsas səbəblərindən biri kredit götürənlərin ödəniş qabiliyyətini itirməsi və nəticədə ödənişlərdə gecikmələrin yaranmasıdır:
“Bu halların baş verməsi, yəni kredit götürənlərin ödənişlərini vaxtında verə bilməməsi, ödəmək qabiliyyətinin itməsi bəzi hallarda gecikmələrə gətirib çıxarır. O gecikmələr də yığılıb bu həcmi formalaşdırır”.
R.Atakişiyev bildirib ki, problemli kreditlərin artmasının qarşısının alınmasının ən mühüm yollarından biri kredit verilən zaman müştərilərin daha dəqiq seçilməsidir:
“İndi biz son dövrdə görürük ki, banklar bazarda rəqabətə görə müştəri cəlb etmək üçün müxtəlif alətlər hazırlayırlar, hətta asanlaşdırırlar ki, vətəndaşlar kredit götürsünlər. Bu asanlaşdırmanın altında da məhz ödəmək qabiliyyətinə cəlb edilməsi, yəni onun nəzərə alınmaması dayanır ki, sonda da bu kreditlər yığılıb problemli kreditlərə çevrilir”.
Gülnaz Abdullazadə
