Rusiyanın Elmlər Akademiyasının müxbir üzvü, Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun (IMEMO) direktoru Fyodor Voytolovski bildirib ki, NATO Ukraynadan vasitəçi (proxy) kimi istifadə etsə də, Rusiya ilə birbaşa hərbi qarşıdurmanın son dərəcə yüksək risk və nəticələrini real şəkildə qiymətləndirir.
Referans MEDİA xəbər verir ki, O, bu fikirləri Moskvada keçirilən Valday Müzakirə Klubunun 23-cü illik iclasında səsləndirib.
Voytolovski gələcək dünya nizamına toxunaraq deyib ki, aparıcı dövlətlərin yaxın gələcəkdə ortaq gələcək modeli formalaşdıracağını gözləmək düzgün deyil.
Onun sözlərinə görə, vaxtilə SSRİ və ABŞ gələcəklə bağlı tamamilə fərqli baxışlara malik olsalar da, birbaşa hərbi toqquşmanın yaratdığı təhlükələri düzgün qiymətləndirərək dinc yanaşı yaşamaq modelini formalaşdıra bilmişdilər.
Ekspert bildirib ki, Ukraynada müharibə artıq dörd ildir davam edir və bu müddətdə Ukrayna silah təminatı, kəşfiyyat məlumatları və hədəflərin müəyyənləşdirilməsi baxımından NATO ölkələrinin vasitəçi tərəfi kimi çıxış edib.
“Bu hamıya məlumdur. Buna baxmayaraq, son dörd ildə Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma baş verməyib. Çünki tərəflər belə bir qarşıdurmanın son dərəcə yüksək risklərini və ağır nəticələrini düzgün qiymətləndirirlər”, – deyə Voytolovski vurğulayıb.
Qeyd edək ki, “Gələcək qarşısında məsuliyyət: mümkün olanın sərhədləri, yoxsa sərhədsiz imkanlar?” mövzusuna həsr olunan Valday Müzakirə Klubunun 23-cü illik toplantısı sentyabrın 28-dən oktyabrın 1-dək Moskvada keçirilir.
Forumda 40 ölkədən 120 nümayəndə iştirak edir.
