Bina evində yaşayanların DİQQƏTİNƏ: Ali Məhkəmə QƏRAR VERDİ backend

Bina evində yaşayanların DİQQƏTİNƏ: Ali Məhkəmə QƏRAR VERDİ 

  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq olunması qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Referans-a Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, məhkəmə mübahisəsi ondan ibarət olub ki, cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanıb. Həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarəedilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haqqını ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv olunmasının qadağan edilməsi barədə iddia qaldırıb.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.
 

Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda, mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı qərarı yoxdur.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv olunması) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçıların bu müdaxilədən müdafiə hüquqları var.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki