image-qrip86backend

Allergiya, yoxsa soyuqdəymə? – Həkimdən İZAH

Yaz mövsümünün gəlişi ilə birlikdə tozcuq allergiyası hallarında artım müşahidə olunur.

Referans Media  Sfera.az-a  istinadən xəbər verir ki, mütəxəssis pulmonoloq dr. Ecem Kadıköy bu dövrdə allergiya simptomlarının adi soyuqdəymə ilə qarışdırılmamalı olduğunu bildirib.

Onun sözlərinə görə, tozcuq allergiyası ağac, ot və alaq bitkilərinin yaydığı tozcuqlara qarşı orqanizmin həddindən artıq reaksiyası nəticəsində yaranır.

“Ən çox rast gəlinən əlamətlər asqırma, burun axıntısı, gözlərin sulanması və qızarmasıdır. Bu şikayətlər xüsusilə mövsümi şəkildə davam edirsə, bunu soyuqdəymə kimi qiymətləndirmək düzgün deyil, allergiyadan şübhələnmək lazımdır”, – deyə o vurğulayıb.

Dr. Kadıköy qeyd edib ki, müalicədə əsasən antihistaminik dərmanlar və burun spreylərindən istifadə olunur. Xəstəliyin gedişatından asılı olaraq isə daha fərqli üsullar tətbiq edilə bilər:

“Bəzi hallarda immunoterapiya, yəni allergiya peyvəndləri tətbiq edirik. Ağır və nəzarətə çətin tabe olan hallarda isə bioloji preparatlardan istifadə mümkündür”.

Mütəxəssis vurğulayıb ki, tozcuq allergiyası əsasən yaz aylarında və yayın əvvəlində daha çox müşahidə olunur. Ağac tozcuqları mart ayından etibarən yayılmağa başlayır, alaq otları isə daha çox yayın əvvəlində aktiv olur.

Riskli dövrlərlə bağlı xəbərdarlıq edən Dr. Kadıköy bildirib ki, səhər saatlarında və küləkli, quru havalarda tozcuq miqdarı daha yüksək olur. Bu səbəbdən allergiyası olan şəxslərə həmin vaxtlarda açıq havaya çıxmamaq tövsiyə edilir.

“Əgər çölə çıxmaq zəruridirsə, evə qayıtdıqdan sonra duş qəbul etmək və paltarları dəyişmək vacibdir. Həmçinin dərmanlar müntəzəm istifadə olunmalı, şikayətlər davam edərsə, mütləq mütəxəssisə müraciət edilməlidir. Açıq havada maska və qoruyucu eynəkdən istifadə də faydalıdır”, – deyə o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki