“Fənərbaxça”da yeni baş məşqçi ilə bağlı müzakirələr yekunlaşıb. İstanbul təmsilçisinin rəhbərliyi komandanın sükanı arxasına portuqaliyalı mütəxəssis Serjiu Konseysauyu gətirmək qərarına gəlib.
Referans Media xəbər verir ki, “Fənərbaxça” rəhbərliyi baş məşqçi postu üçün Konseysau ilə bağlı razılığa gəlib. Portuqaliyalı çalışdırıcı müqavilə imzalamaq üçün İstanbula dəvət olunub. Onun yaxın vaxtlarda Türkiyəyə gələcəyi gözlənilir.
“Fənərbaxça”nın sabiq baş məşqçisi Jorje Jezuşun da Konseysau haqqında müsbət fikir bildirdiyi iddia olunur. Məlumata görə, baş məşqçi axtarışı çərçivəsində Jezuşla əlaqə saxlayan klubun futbol komitəsi ondan həmyerlisi barədə rəy alıb. Jezuşun Konseysau haqqında “Onda öz gəncliyimi görürəm” ifadəsini işlətdiyi və onun namizədliyini rəhbərliyə tövsiyə etdiyi bildirilir.
Qeyd olunur ki, “Fənərbaxça”nın əvvəlki idarə heyəti iclasında baş məşqçi namizədləri ilə bağlı fikir ayrılığı yaranıb. İddialara əsasən, 8 idarə heyəti üzvü Aykut Kocamanın, 5 nəfər isə xarici mütəxəssisin təyin olunmasının tərəfdarı olub. Lakin son müzakirələrdən sonra rəhbərliyin Serjiu Konseysau üzərində dayandığı bildirilir. Hazırda diqqətlər portuqaliyalı mütəxəssisin İstanbula gəlişinə və klubun rəsmi açıqlamasına yönəlib.
