Bolqarıstanda tarixi hadisə: İlk dəfə qadın prezident seçildi

Bolqarıstanda keçirilən prezident seçkilərində İliyana Yotova qalib gəlib. Qeyri-rəsmi nəticələrə əsasən, səslərin 57,4 faizini toplayan Yotova rəqibi Andrey Gyurovu geridə qoyaraq ölkə tarixində seçki yolu ilə prezident postuna gələn ilk qadın olub.

Referans Media xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının (BNT) yaydığı qeyri-rəsmi nəticələrə görə, Andrey Gyurov səslərin 39,6 faizini qazanıb. Rusiya ilə münasibətlərin inkişaf etdirilməsini müdafiə edən və Ukraynaya hərbi yardımın əleyhinə çıxan Yotovanın qələbəsi ölkənin siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilir.

Yotova prezident müavini vəzifəsinə namizəd Kiril Valçev və Baş nazir Rumen Radev ilə birlikdə paytaxt Sofiyadakı Milli Mədəniyyət Sarayında tərəfdarları qarşısında çıxış edib. O, həm özünə səs verən, həm də dəstək göstərməyən bütün vətəndaşlara təşəkkür edib. Yotova cəmiyyətin müxtəlif təbəqələrinin narahatlıqlarını anlamaq üçün geniş təhlillər aparacaqlarını bildirib.

“Bizə dəstək verən hər kəsə, həm öz adımdan, həm də artıq seçilmiş prezident müavini cənab Valçev adından səmimi təşəkkürümü bildirirəm”, – deyə Yotova vurğulayıb. O, seçkidəki rəqibi Andrey Gyurovun da telefonla zəng edərək onu təbrik etdiyini açıqlayıb.

Prezident müavini vəzifəsinə seçilən Kiril Valçev də çıxışında ona dəstək verən vətəndaşlara təşəkkür edib. O, seçicilərin Bolqarıstanın qadın prezidentə sahib olması üçün seçkilərdə fəal iştirak etdiyini bildirib. Valçev ölkədə demokratiyanın təminatçısı olmaq və vətəndaşların təmsilçiliyini təmin etmək üçün çalışacağını qeyd edib.

Baş nazir Rumen Radev də seçkinin nəticələrindən sonra Yotova və Valçevin qələbəsini təbrik edib. O, qısa müddətdə böyük səfərbərlik nümayiş etdirərək təsirli nəticə əldə etdiklərini bildirib. “Xanım Yotova, biz 10 ildir bir-birimizi tanıyırıq. Bolqarıstanın çətin günlərində üzərinizə götürdüyünüz bu mühüm vəzifədə ölkəyə layiq prezident olacağınıza inanıram”, – deyə Radev vurğulayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki