ABŞ-ın İrana qarşı nüvə silahından istifadə edə biləcəyi ilə bağlı sensasion iddia gündəmə gəlib. Amerikalı jurnalist Taker Karlson İsrailin Baş naziri Benyamin Netanyahunun İran ərazisindəki Qazma dağına nüvə zərbəsi endirilməsi üçün ABŞ Prezidenti Donald Trampa təzyiq göstərdiyini irəli sürüb.
Referans Media xəbər verir ki, Karlsonun iddiasına görə, Tramp nüvə silahından istifadə ilə bağlı qərarını noyabrın 7-dək verə bilər. Jurnalist mümkün hücumun təkcə İran üçün deyil, bütün dünya üçün ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Karlson “X” hesabında paylaşdığı açıqlamada İsrail kəşfiyyatının İranın ölkənin mərkəzində yerləşən Qazma dağında uranın zənginləşdirilməsi fəaliyyətini bərpa etdiyini iddia etdiyini bildirib. Onun sözlərinə görə, ərazidəki nüvə obyektləri təxminən 90 metr qalınlığında qranit qaya qatının altında yerləşir və ABŞ-ın adi silahları bu dərinlikdəki obyektləri tamamilə məhv etməyə bilər. Jurnalist məlumatlı olduğunu bildirdiyi mənbəyə istinadən Netanyahunun bu məsələ ilə bağlı Trampla hər gün əlaqə saxladığını və nüvə zərbəsi variantının nəzərdən keçirilməsi üçün Vaşinqtona təzyiq göstərdiyini iddia edib.
Karlsonun açıqlamasında diqqət çəkən məqamlardan biri də mümkün hücumla bağlı konkret tarix göstərməsidir. O, Trampın nüvə silahından istifadə edib-etməyəcəyinə dair qərarını noyabrın 7-dək verə biləcəyini irəli sürüb. Jurnalistin iddiasına görə, ABŞ administrasiyasında bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Vitse-prezident Cey Di Vens və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla diplomatik razılaşmanın mümkünlüyünü düşündüyü, müdafiə naziri Pit Heqset və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin isə hərbi əməliyyatların bərpasını dəstəklədiyi bildirilir.
Bu iddialar Trampın İranın nüvə obyektləri ilə bağlı son açıqlamalarından sonra səsləndirilib. ABŞ Prezidenti noyabrın 1-də jurnalistlərə açıqlamasında İranda hədəfə alına biləcək bir və ya iki obyektin qaldığını və həmin məntəqələri 10 dəqiqə ərzində vurmaq imkanına malik olduqlarını söyləyib. Tramp Qazma dağına da toxunaraq bu ərazi ilə bağlı hərbi planlarının olduğunu bildirib. Bununla belə, nüvə silahından istifadə barədə qərar qəbul edildiyini açıqlamayıb. O, oktyabrın 16-da isə “Newsmax” telekanalına müsahibəsində İrana qarşı nüvə silahından istifadə etməyəcəyini, belə bir hücuma ehtiyac olmadığını bildirmişdi.
İranın Natanz nüvə obyektinin cənubunda yerləşən Qazma dağı yerin dərinliyində inşa edildiyi ehtimal olunan tunel sistemi ilə diqqət çəkir. BBC-nin peyk görüntüləri və ekspert qiymətləndirmələrinə əsaslanan araşdırmasına görə, ərazidə dörd tunel girişi mövcuddur. Obyektin bəzi hissələrinin təxminən 100 metr dərinlikdə yerləşə biləcəyi ehtimal edilir. Bununla belə, obyektin dəqiq təyinatı və orada hazırda uranın zənginləşdirilməsi fəaliyyətinin aparılıb-aparılmadığı məlum deyil. İran hakimiyyəti isə ərazidə nüvə fəaliyyəti həyata keçirilməsi ilə bağlı ittihamları rədd edir.
Karlson Qazma dağına nüvə zərbəsi endirilməsinin radiasiya təhlükəsi yaradacağını və nəticələrinin İranın hüdudlarından kənara yayıla biləcəyini iddia edib. Onun fikrincə, radioaktiv çirklənmə Fars körfəzinə çata, təxminən 100 milyon insanın su ehtiyatları üçün təhlükə yarada bilər. Jurnalist belə bir hücumun digər nüvə dövlətlərinin də bu silahlardan istifadə həddini aşağı sala və qlobal münaqişə riskini artıra biləcəyini bildirib.
Karlsonun Netanyahunun Trampa təzyiq göstərməsi və ABŞ administrasiyasında nüvə zərbəsi ilə bağlı müzakirələr aparılması barədə iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ administrasiyası tərəfindən noyabrın 7-də İrana nüvə zərbəsi endirilməsi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
