Avropa Komissiyasının sifarişi ilə Münhen Təhlükəsizlik Konfransı ərəfəsində keçirilən “Flash Eurobarometer 574” sorğusuna görə, Avropa İttifaqı ölkələrində respondentlərin 68 faizi mövcud beynəlxalq vəziyyətdə ölkələrinin təhdid altında olduğunu düşünür. 42 faiz isə şəxsi təhlükəsizliyinin risk altında olduğunu bildirib.
Təhdid hissinin ən yüksək olduğu ölkələr Fransa (80%), Niderland və Danimarka (77%), həmçinin Almaniyadır (75%).
Sorğuda iştirak edənlərin 32 faizi Aİ-nin, 34 faizi isə öz ölkəsinin müdafiə sahəsində kifayət qədər addım atmadığını hesab edir. Bununla belə, respondentlərin 52 faizi Aİ-nin təhlükəsizlik və müdafiə qabiliyyətini gücləndirə biləcəyinə inanır.
Sorğu 5–12 yanvar 2026-cı il tarixlərində Aİ-nin 27 üzv ölkəsində təxminən 27 min nəfər arasında onlayn formatda aparılıb.
