Azərbaycan əhalisinə PİS XƏBƏR: Bakıda ətin qiyməti rekord həddə çatdı - 22 manatı keçdi!

Son günlər rayonlarla Bakı arasında mal ətinin qiymətində müşahidə olunan fərq ictimai müzakirələrə səbəb olub. Fermerlər yem bazasında ciddi bahalaşmanın olmadığını bildirsələr də, paytaxtda ətin bir kiloqramı 22–23 manata, bəzi satış məntəqələrində isə daha yüksək qiymətə təklif olunur. Mütəxəssislər hesab edirlər ki, bu fərqin səbəbi yalnız istehsal xərcləri ilə izah oluna bilməz.

Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, rayonlarla Bakı arasında mal ətinin qiymətində yaranan 4–5 manatlıq fərqi yalnız yem və istehsal xərcləri ilə əlaqələndirmək düzgün deyil.

Onun sözlərinə görə, əgər fermerin yem bazası üzrə xərcləri ciddi artmayıbsa, qiymət artımının əsas hissəsi məhsulun fermerdən çıxdıqdan sonra keçdiyi mərhələlərdə formalaşa bilər.

Ekspert qeyd edib ki, bu zəncirə nəqliyyat, kəsim, soyudulma, saxlanma və digər logistika xərcləri daxildir. Lakin həmin xərclərin bir kiloqram ətin qiymətində 4–5 manatlıq fərqi tam izah edib-etmədiyi ayrıca araşdırılmalıdır.

"Əsas məsələ fermerin satış qiyməti ilə Bakıda istehlakçının ödədiyi qiymət arasındakı fərqin hansı mərhələlərdə yarandığını müəyyənləşdirməkdir", – deyə o vurğulayıb.

A.Nəsirlinin sözlərinə görə, vasitəçilərin sayı artdıqca hər mərhələdə məhsulun üzərinə müəyyən marja əlavə olunur və nəticədə rayonlarla şəhər arasında qiymət fərqi böyüyür. Xüsusilə bazarda qiymət formalaşması kifayət qədər şəffaf olmadıqda və istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələr məhdud qaldıqda bu fərq daha da artır.

Ekspert bildirib ki, Bakı bazarında tələbin yüksək olması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Paytaxtda alıcı sayının və alıcılıq qabiliyyətinin rayonlarla müqayisədə yüksək olması satıcılara daha böyük marja tətbiq etmək imkanı yaradır. Rəqabətin zəif olduğu bazarlarda isə bu, qiymət artımını daha da sürətləndirə bilir.

Bununla yanaşı, A.Nəsirli hesab edir ki, bütün məsuliyyəti vasitəçilərin üzərinə qoymaq da doğru yanaşma deyil. Onun fikrincə, mal ətinin real maya dəyərini müəyyənləşdirmək üçün heyvanın alış qiyməti, yem, baytarlıq xidmətləri, əməkhaqqı, kəsim, daşınma, soyuducu anbar xərcləri, eləcə də satılmayan hissələrdən yaranan itkilər birlikdə nəzərə alınmalıdır. O xatırladıb ki, bir baş heyvanın canlı çəkisi ilə satışa çıxarılan təmiz ət miqdarı eyni olmadığından bu amil də qiymətin hesablanmasında mühüm rol oynayır.

Ekspertin fikrincə, rayonlarda mal əti 18 manata satıldığı halda Bakıda 22–23 manata və daha yüksək qiymətə təklif olunursa, ən vacib məsələ qiymət zəncirinin şəffaflaşdırılmasıdır.

"Fermerin məhsulu neçə manata satdığı, ətin neçə mərhələdən keçdiyi və hər mərhələdə nə qədər marja formalaşdığı aydın görünməlidir. Əks halda istehlakçı yüksək qiymətlə üzləşəcək, fermer isə məhsulunu aşağı gəlirlə satmağa davam edəcək", – deyə A.Nəsirli bildirib.

Onun sözlərinə görə, problemin uzunmüddətli həlli fermerlərin istehsala daha çox stimullaşdırılması, eyni zamanda istehsalçılarla iri şəhərlərdə fəaliyyət göstərən satış məntəqələri arasında birbaşa əməkdaşlığın genişləndirilməsindən keçir. Bu, həm vasitəçi xərclərinin azalmasına, həm fermer gəlirlərinin artmasına, həm də Bakıda ətin qiymətinin daha əsaslandırılmış səviyyədə formalaşmasına töhfə verə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki