Sosial şəbəkələrdə taksi sürücüsünün hamilə sərnişinlə kobud davranmasını və avtomobili təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülərin yayılması geniş rezonans doğurub. Hadisədən sonra sürücünün əvvəllər məhkum olunduğu barədə iddialar da müzakirələrə səbəb olub. Bəs belə hallarda sərnişinin hüquqları nələrdir və sürücünü hansı hüquqi məsuliyyət gözləyir?
Referans Media-nın suallarını cavablandıran hüquqşünas Rəhim Xoyski bildirib ki, taksi sürücüsünün hamilə sərnişinlə kobud davranması, avtomobili təhlükəli idarə etməsi və məhkumluq keçmişi ilə bağlı məsələlər Azərbaycan qanunvericiliyi ilə inzibati, cinayət və mülki hüquq müstəvisində tənzimlənir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 846.1-ci maddəsinə əsasən, daşıyıcı sərnişindaşımanı müqavilənin şərtlərinə, sərnişinlərin müdafiəsi ilə bağlı qüvvədə olan tələblərə və nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Sərnişinin təhlükəsiz şəraitdə mənzil başına çatdırılması onun fundamental hüquqlarından biridir.
Hüquqşünas qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə əsasən, sürücü hərəkət zamanı digər şəxslərin, xüsusilə yol hərəkətinin daha həssas iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməlidir. Hamilə qadına qarşı kobud davranış və avtomobilin təhlükəli idarə olunması bu öhdəliklərin birbaşa pozulması hesab edilə bilər.
R.Xoyskinin sözlərinə görə, sürücünün hərəkətləri bir neçə hüquqi norma üzrə qiymətləndirilə bilər. O bildirib ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən son dəyişikliklərlə taksi sürücüləri üçün xüsusi tələblər müəyyənləşdirilib. Ağır və ya xüsusilə ağır cinayətlərə, eləcə də sərnişinlərin təhlükəsizliyinə qarşı törədilmiş bəzi cinayətlərə görə məhkumluğu olan şəxslərin taksi sürücüsü kimi fəaliyyətinə məhdudiyyətlər tətbiq edilir.
Ekspert vurğulayıb ki, taksi platformaları və daşıyıcı şirkətlər də sürücülərin seçilməsi və onların qanunvericiliyin tələblərinə, o cümlədən məhkumluq və peşə hazırlığı ilə bağlı meyarlara uyğunluğunun yoxlanılmasına görə məsuliyyət daşıyırlar. Mülki Məcəlləyə əsasən, işəgötürən və ya xidmət təşkil edən tərəf işçinin xidməti vəzifələrini yerinə yetirərkən sərnişinə vurduğu maddi və mənəvi zərərə görə mülki məsuliyyət daşıya bilər.
R.Xoyski bildirib ki, belə hallarla üzləşən sərnişin dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verməli və ya ərazi üzrə polis orqanına müraciət etməlidir. Eyni zamanda, taksi platformasına rəsmi şikayət edilərək sürücünün sistemdən kənarlaşdırılması tələb oluna bilər.
Hüquqşünas əlavə edib ki, hadisə nəticəsində sərnişinin, xüsusilə hamilə qadının sağlamlığına zərər dəyibsə və ya ciddi psixoloji sarsıntı yaranıbsa, o, həm sürücüyə, həm də daşıyıcı şirkətə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Gülnaz Abdullazadə
