Son dövrlər bazarda dondurulmuş və idxal olunan, xüsusilə də Monqolustan mənşəli ət məhsullarının sayının artması istehlakçılar arasında müxtəlif suallar doğurur. Bu məhsulların sağlamlıq baxımından təhlükəsiz olub-olmaması və seçim zamanı nələrə diqqət edilməli olduğu ilə bağlı müzakirələr davam edir.
Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, dondurulmuş və idxal olunan ət məhsullarının, o cümlədən Monqolustan mənşəli ətin sağlamlıq üçün təhlükəli olduğunu demək düzgün olmaz.
Onun sözlərinə görə, məhsullar baytarlıq və qida təhlükəsizliyi nəzarətindən keçibsə, soyuq zəncir qorunubsa və saxlanma qaydalarına əməl olunubsa, onların istehlakı təhlükəsiz hesab edilir. Mütəxəssis qeyd edib ki, dondurulma prosesi ətin qida dəyərini tam itirmir, yalnız teksturasında müəyyən dəyişikliklər yarada bilər.
F.Səfərov istehlakçılara ət alarkən ilk növbədə məhsulun mənşə ölkəsinə, istehsal və son istifadə tarixinə, qablaşdırmanın bütöv olmasına, eləcə də baytarlıq sənədlərinin mövcudluğuna diqqət yetirməyi tövsiyə edib.
"Ətin üzərində buz kristallarının çox olması, qablaşdırmanın cırılması, eləcə də məhsulun rəngində və qoxusunda dəyişiklik müşahidə olunması onun düzgün saxlanmadığını və ya təkrar dondurulduğunu göstərə bilər. Belə məhsulları almaq tövsiyə edilmir", – deyə o vurğulayıb.
Mütəxəssis əlavə edib ki, dondurulmuş ət otaq temperaturunda deyil, soyuducuda və ya uyğun əridilmə rejimində açılmalıdır. Əridilmiş ət yenidən dondurulmamalı, çiy ət isə digər qidalarla təmasdan qorunmalıdır. Bu, çarpaz çirklənmə riskinin qarşısını almaq baxımından vacibdir.
F.Səfərovun sözlərinə görə, əsas məsələ ətin hansı ölkədən gətirilməsi deyil, onun təhlükəsizlik standartlarına uyğun istehsal olunması, daşınması və saxlanılmasıdır. O, vətəndaşlara alış-veriş zamanı etibarlı satış məntəqələrinə üstünlük verməyi, mənşəyi məlum olmayan və saxlanma şəraiti şübhə doğuran məhsullardan uzaq durmağı tövsiyə edib.
Qida mütəxəssisi bildirib ki, bu qaydalara əməl edildiyi halda həm yerli, həm də idxal olunan ət məhsulları təhlükəsiz şəkildə istehlak oluna bilər.
Gülnaz Abdullazadə
