Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən iyul ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən tibb müəssisələrində növbəti monitorinq və reydlər keçirilib. Ümumilikdə aparılan 39 yoxlamanın 32-si özəl tibb müəssisələrində, 7-si isə fiziki şəxslərə məxsus obyektlərdə baş tutub. Yoxlamalar zamanı müxtəlif sahələr üzrə ciddi normativ pozuntular aşkar edilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub və aidiyyəti qurumlara göndərilib. ​Diqqətçəkən məqamlardan biri odur ki, aşkar edilən nöqsanlar nəticəsində 13 stomatoloq barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Plastik cərrahların fəaliyyətində isə hər hansı qayda pozuntusu qeydə alınmayıb.

​AEM-in açıqladığı bu göstəricilər ölkədəki dövlət və özəl tibb ocaqlarında pasiyent təhlükəsizliyi, sanitariya-gigiyena normativləri və xidmət keyfiyyəti məsələsini yenidən gündəmə gətirib. Məsələ ilə bağlı Referans Media-ya özəl açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla tibb müəssisələrindəki mövcud vəziyyəti təhlil edərək, mütəmadi nəzarətin nə üçün həyati əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

"Ən böyük təhlükə: İnfeksiyaların bir xəstədən digərinə keçməsidir"

​Professor Adil Qeybulla bildirib ki, mülkiyyət formasından istər dövlət, istərsə də özəl olmasından asılı olmayaraq, bütün xəstəxana və klinikalar üzərində dövlət nəzarəti mexanizmi fasiləsiz işləməlidir.

Ekspertin sözlərinə görə, bu nəzarətin önündə dayanan birinci və en vacib məsələ aseptika, antiseptika və sterilizasiya qaydalarına riayətdir: ​"Xəstəxanalarda mütəmadi yoxlamaların aparılması birinci növbədə aseptika və antiseptika, sterilizasiya işlərinə nəzarət üçün lazımdır. Çünki burada əsas hədəf bir şəxsdən digərinə infeksiyanın, təhlükəli virusların (C, B hepatitləri, HİV və s.) keçməsinin qarşısını almaqdır. Əgər sterilizasiya zəncirində zərərrə qədər boşluq olarsa, bu, kütləvi yoluxmalara gətirib çıxara bilər. Bu, birbaşa insan həyatı ilə bağlı olan çox vacib və təxirəsalınmaz məsələdir."

​Tibbi tullantıların utilizasiyası və standart boşluqları

Tibb müəssisələrindəki digər ciddi axsamaya toxunan A.Qeybulla, bioloji materialların və tibbi tullantıların idarə olunmasında tez-tez nöqsanların ortaya çıxdığını vurğulayıb. Professorun fikrincə, bu sahədə yalnız cəzalandırma deyil, həm də ciddi maarifləndirmə işləri aparılmalıdır: ​"Əksər xəstəxanalarda tibbi tullantıların və bioloji materialların zərərsizləşdirilməsi (utilizasiyası) ilə bağlı mütəmadi olaraq ciddi nöqsanlar aşkar olunur. Bu sahədə tibbi heyətlə davamlı təlimatlar aparılmalı, mütəmadi yoxlamalar keçirilməlidir. Xəstəxanalarda işin sırf təlimatlara uyğun qurulması və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin reystrinə daxil olan müalicə üsulları standartlarına uyğun tibbi fəaliyyətin göstərilməsi təmin edilməlidir. Standartdan kənar heç bir müalicə və ya müdaxilə yolverilən deyil."

Qiymət sərbəstliyi və dəyişməz təbabət qanunları

​Səhiyyə xidmətlərinin qiymət siyasətinə də münasibət bildirən həkim qeyd edib ki, hazırda xəstəxanalarda qiymətlər azad bazar rəqabəti əsasında formalaşır və buna inzibati müdaxilə düzgün deyil. Lakin maliyyə şərtləri sərbəst olsa da, tibbi xidmətin keyfiyyət normativləri hər kəs üçün məcburidir: "Qiymət məsələsində xəstəxanalarda azad bazar rəqabəti hökm sürür. Yəni hər hansı qurumun və ya şəxsin qiymətlərə birbaşa müdaxilə etmək ixtiyarı yoxdur. Amma elə müəyyən şərtlər var ki, mülkiyyət formasından və kimliyindən asılı olmayaraq, onları hər kəs istisnasız gözləməlidir. Bunlar təbabətin dəyişməz ümumi qanunlarıdır. Hesab edirəm ki, standartlardan kənar fəaliyyətin və nöqsanların qarşısını almaq üçün bu cür reydlərin keçirilməsi, işin ümumi əsasnaməyə uyğun aparılması son derece vacibdir."

​AEM tərəfindən həyata keçirilən son reydlər və ekspert rəyləri bir daha təsdiqləyir ki, tibb sahəsində keyfiyyət və təhlükəsizlik yalnız ciddi audit, sistemli təlimlər və daimi nəzarət vasitəsilə təmin oluna bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki