Azərbaycan əhalisinə SEVİNDİRİCİ XƏBƏR: 2026-cı ildən 10%-ə endirildi!

Dövlət Vergi Xidmətinin daşınmaz əmlak bazarında investisiyaların artırılması, bazarın şəffaflaşdırılması və iqtisadi aktivliyin genişləndirilməsi məqsədilə vergi yükünün optimallaşdırılması ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, bu istiqamətdə atılacaq addımlar həm bazarın rəsmiləşməsinə, həm də investisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, daşınmaz əmlak sektorunda vergi yükünün optimallaşdırılması istiqamətində ilk mühüm addımlardan biri 2025-ci ilin sonunda atılıb.

Onun sözlərinə görə, əvvəllər fiziki şəxslərin daşınmaz əmlakını kirayəyə verməsi zamanı ödəmə mənbəyindən tutulan vergi 14 faiz olduğu halda, 2026-cı ildən bu göstərici 10 faizə endirilib.

V.Oruc qeyd edib ki, bu dəyişiklik vergi və rüsumların optimallaşdırılması ilə yanaşı, daşınmaz əmlak bazarında şəffaflığın artırılması, dövlət büdcəsindən yayınan vergi vəsaitlərinin leqallaşdırılması, iqtisadiyyatın şəffaflaşdırılması və maliyyə hesabatlılığının gücləndirilməsi məqsədi daşıyır.

Ekspert hesab edir ki, bu istiqamətdə analoji addımlar davam etdirilərsə, onların müsbət nəticələri olacaq.

"Vergilərin diferensiallaşdırılması və ya müəyyən sahələr üzrə azaldılması iqtisadi aktivliyin artmasına səbəb ola bilər. Xüsusilə həm müəssisələr, həm də vətəndaşlar üçün vergi mexanizmlərinin daha çevik tətbiqinə ehtiyac var. Bu diferensial yanaşma xidmət, istehsal və digər sahələrdə iqtisadi fəaliyyətə müsbət təsir göstərə bilər", – deyə o bildirib.

V.Orucun fikrincə, vergi yükünün azaldılması daşınmaz əmlak bazarında aktivliyi artıran əsas amillərdən biri ola bilər. Bu, həm investisiya marağının yüksəlməsinə, həm də bazarda aparılan əməliyyatların rəsmiləşdirilməsi və leqallaşdırılmasına təkan verə bilər. Nəticədə bazarın daha dəqiq strukturunun formalaşması və real statistik göstəricilərin əldə olunması mümkün olar.

Ekspert bildirib ki, hazırda nəzərdə tutulan növbəti dəyişikliklərlə bağlı ictimaiyyətə ətraflı məlumat verilməsə də, proseslərin əsas məqsədi daşınmaz əmlak sahəsində vergi mexanizmlərinin kağız üzərində deyil, real iqtisadi münasibətlərdə tətbiqini təmin etməkdir.

Onun sözlərinə görə, daşınmaz əmlak vergisi dövlət büdcəsinin mühüm gəlir mənbələrindən biridir. Bununla yanaşı, alqı-satqı və kirayə münasibətlərində hələ də qeyri-rəsmi dövriyyə və "kölgə iqtisadiyyatı" elementləri qalmaqdadır.

V.Oruc xatırladıb ki, fiziki şəxslərin kirayədən əldə etdiyi gəlirlərə tətbiq olunan vergi dərəcəsinin 2026-cı ildən azaldılması da məhz bu bazarın tam leqallaşdırılmasına və dövlət qurumlarının nəzarət imkanlarının genişləndirilməsinə xidmət edir.

Ekspert hesab edir ki, növbəti mərhələdə daşınmaz əmlak vergisinin tətbiqi mexanizminin də yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər. Onun fikrincə, bu sahədə müxtəlif həcmdə və təyinatda daşınmaz əmlaka sahib olan vətəndaşlar üçün diferensial vergi sistemi tətbiq olunmalıdır.

"Çünki dövlət büdcəsi həm iqtisadi və biznes fəaliyyətindən, həm də daşınmaz əmlak sektorundan daxil olan vergilər hesabına formalaşır. Düşünürəm ki, gələcək dəyişikliklər də məhz daşınmaz əmlak vergisinin daha effektiv tətbiqinə və bazarın tam şəffaflaşdırılmasına xidmət edəcək. Bu isə son nəticədə daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilər", – deyə V.Oruc vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki