Bolluq var, amma qiymətlər OD TUTUB YANIR: Bazarlardakı gizli bahalaşmanın ŞOK SƏBƏBLƏRİ açqlandı!

Yay mövsümündə meyvə-tərəvəz bolluğuna baxmayaraq, bazarlarda bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, qiymətlərin formalaşmasına yalnız mövsümi amillər deyil, həm də bir sıra iqtisadi faktorlar təsir göstərir.

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yay mövsümündə meyvə-tərəvəz bolluğunun bazarlarda qiymətləri aşağı salacağı gözlənsə də, ərzaq bazarında qiymətlərin formalaşmasına təkcə mövsümi amillər təsir etmir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qiymət artımını şərtləndirən əsas səbəblər sırasında nəqliyyat və logistika xərclərinin yüksəlməsi, idxaldan asılı olan məhsulların dünya bazarlarındakı qiymət dəyişiklikləri, istehsal və qablaşdırma xərclərinin artması, eləcə də ümumi inflyasiya prosesləri dayanır.

“Bundan əlavə, kənd təsərrüfatında suvarma, yanacaq və əmək xərclərinin bahalaşması da son məhsulun qiymətinə təsir göstərir”, – deyə iqtisadçı vurğulayıb.

Akif Nəsirli qeyd edib ki, yay aylarında yerli istehsalın artması səbəbindən bəzi tərəvəz və meyvələrin qiymətlərində ucuzlaşma müşahidə olunsa da, bütün məhsul qruplarında eyni vəziyyət gözlənilmir.

“Ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları, şəkər və şəkərli məhsullar kimi qruplarda qiymət artımı ehtimalı daha yüksəkdir. Həmçinin yem xərclərinin artması heyvandarlıq məhsullarının maya dəyərinə təsir göstərdiyindən, bu sahədə bahalaşma riski qalmaqdadır”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, hava şəraiti və su qıtlığı da bazarda qiymətlərin formalaşmasında mühüm rol oynayır:

“Əgər məhsuldarlıq gözləniləndən aşağı olarsa, yay mövsümündə belə bəzi meyvə və tərəvəz növlərində qiymət artımı müşahidə edilə bilər”.

Akif Nəsirli vurğulayıb ki, bazarda ümumi mənzərə məhsul qruplarına görə fərqlənir və bolluq hər zaman bütün ərzaq məhsullarında ucuzlaşma ilə nəticələnmir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki