KİŞİLƏRİN DƏ ALİMENT TƏLƏB ETMƏK HÜQUQU VAR! – Boşanma prosesində hər kəsi şoka salacaq QANUNİ DETALLAR

Boşanma proseslərində adətən qadın və uşaqların hüquqları daha çox müzakirə olunur. Lakin Azərbaycan qanunvericiliyində kişilərin də hüquqları qorunur və bu hüquqlar ailə münasibətlərinin müxtəlif aspektlərini əhatə edir.

Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, boşanma prosesində kişilərin – ər və ataların hüquqları qadınlarla bərabər əsaslarla qorunur.

Onun sözlərinə görə, qanunvericilik həm əmlak, həm də uşaqlarla bağlı məsələlərdə gender bərabərliyi prinsipini rəhbər tutur.

Hüquqşünas qeyd edib ki, əmlak bölgüsü zamanı, əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, kişinin payı qadının payına bərabər hesab edilir:

“Əmlak bölgüsü 50/50 prinsipi əsasında aparılır. Kişinin gəlirinin daha çox olması və ya ev işləri ilə məşğul olmaması bu bərabərliyi pozmur”.

Rəhim Xoyski vurğulayıb ki, nikahdan əvvəl kişiyə məxsus olan əmlak, həmçinin nikah dövründə vərəsəlik və ya hədiyyə yolu ilə əldə etdiyi əmlak onun şəxsi mülkiyyəti hesab olunur və boşanma zamanı bölünmür.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyində valideynlər uşaqlara münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər:

“Uşaqdan ayrı yaşayan atanın onunla ünsiyyətdə olmaq, tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həllində iştirak etmək hüququ var. Ana atanın uşaqla ünsiyyətinə mane olmamalıdır”.

O bildirib ki, atanın təhsil, müalicə və digər müəssisələrdən öz övladı barədə məlumat almaq hüququ da qanunla təsbit olunub.

Rəhim Xoyski qeyd edib ki, məhkəmə uşağın hansı valideynlə qalacağına qərar verərkən atanın maddi imkanlarını, uşağa münasibətini və uşağın ataya bağlılığını da nəzərə alır:

“Uşağın 10 yaşı tamam olduqda onun rəyi də qiymətləndirilir”.

Hüquqşünas aliment məsələsində də kişilərin müəyyən hüquqlara malik olduğunu bildirib:

“Aliment yalnız atanın öhdəliyi deyil. Əgər kişi nikah dövründə və ya nikah pozulduqdan sonra bir il ərzində əmək qabiliyyətini itiribsə və maddi yardıma ehtiyacı varsa, keçmiş həyat yoldaşından aliment tələb edə bilər. Həmçinin maddi yardıma ehtiyacı olan və əlilliyi olan ümumi uşağa qulluq edən ata da aliment almaq hüququna malikdir”.

Ekspert əlavə edib ki, kişilər əmlak hüquqlarını qorumaq üçün nikahdan əvvəl və ya nikah dövründə nikah müqaviləsi bağlaya bilərlər:

“Bu müqavilə vasitəsilə boşanma zamanı əmlakın hansı qaydada bölünəcəyi əvvəlcədən müəyyən edilə bilər”.

Rəhim Xoyski vurğulayıb ki, Azərbaycan qanunvericiliyi boşanma prosesində kişilərin hüquqlarının da qorunmasını təmin edir və ailə münasibətlərində tərəflər arasında hüquqi bərabərlik prinsipini əsas götürür.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki