Azərbaycanda ət bazarında qiymət artımı davam edir. Son günlər xüsusilə qoyun və quzu ətinin qiymətində bahalaşma diqqət çəkir. Bəzi satış nöqtələrində ətin kiloqramı 25 manata qədər yüksəlib.
Referans Media xəbər verir ki, Musavat.com-un əməkdaşı bazarda olub, ətin real satış qiymətləri ilə maraqlanıb.
Müşahidələr zamanı məlum olub ki, hazırda sümüklü dana ətinin kiloqramı 19-20 manat, sümüksüz dana əti 22-23 manat, qoyun əti 23-25 manat, quzu əti isə 23-25 manat arasında dəyişir.
Qiymətlər satış məntəqəsi və ərazidən asılı olaraq fərqlənsə də, bazarda formalaşmış əsas qiymətlər təxminən bu həddədir.
Musavat.com-a danışan qəssablar bildiriblər ki, ətin qiymətindəki artım birbaşa onların qərarından asılı deyil. Onların sözlərinə görə, mal-qara rayonlarda da əvvəlki illərlə müqayisədə daha baha satılır və bu da son qiymətə təsir göstərir.
Qəssablar bahalaşmanın əsas səbəbləri sırasında otlaq sahələrinin azalmasını, yemin bahalaşmasını və Azərbaycanda heyvandarlığın zəifləməsini göstərirlər.
Onların sözlərinə görə, fermer üçün mal-qaranın saxlanması bahalaşdıqca bu xərc zəncirin sonunda ətin qiymətində də özünü göstərir.
İqtisadçı Natiq Cəfərli də ət bazarında bahalaşmanın davam edə biləcəyini deyir.
Onun sözlərinə görə, Azərbaycanda son illər həm iri, həm də xırdabuynuzlu mal-qaranın sayında ciddi azalma müşahidə olunur:
“Ətin qiymətinin bahalaşmasının çox obyektiv səbəbi var. Biz 5 ildir gözümüzü yumduq, fikir vermədik ki, iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayı kəskin azalır”.
İqtisadçı qeyd edib ki, son illərdə iribuynuzlu mal-qaranın sayında təxminən 230-250 min, xırdabuynuzlu mal-qaranın sayında isə 1,3-1,4 milyon azalma baş verib.
Natiq Cəfərli hesab edir ki, mal-qaranın sayının azalması ilə yanaşı, örüş sahələrinin məhdudluğu və yem qiymətlərinin bahalaşması da ət bazarına ciddi təsir göstərir:
“Örüş yerləri yoxdursa, yem bahadırsa və mal-qaranın sayı da azalırsa, təbii ki, qiymət artacaq”.
İqtisadçı qarşıdakı dövrdə qiymətlərin hansı həddə çatacağını dəqiq proqnozlaşdırmağın çətin olduğunu bildirib. Onun sözlərinə görə, son 10 ildə ət qiymətləri 3 dəfədən çox artıb və mövcud tendensiya bahalaşmanın davam edə biləcəyini göstərir.
Həm satıcıların, həm də iqtisadçıların açıqlamalarından görünür ki, ət qiymətindəki artım yalnız pərakəndə satış mərhələsi ilə bağlı deyil. Heyvandarlıq təsərrüfatlarında xərclərin artması, yem və örüş problemi, eləcə də mal-qaranın sayının azalması qiymətin formalaşmasında əsas amillərdir.
Bahalaşmanın qarşıdakı aylarda hansı səviyyəyə çatacağı isə bazardakı təklif və heyvandarlığın vəziyyətindən asılı olacaq.
