Azərbaycanda heyvanların öd daşının müxtəlif xəstəliklərin müalicəsində istifadə olunduğu ilə bağlı yayılan iddialar ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu daşların “möcüzəvi vasitə” kimi təqdim edilməsi və yüksək qiymətə satılması isə mütəxəssislərin narahatlığına yol açıb.
Referans Media-ya açıqlama verən həkim-cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bu cür məsələlərin ətrafında yaranan səs-küy daha çox kommersiya maraqları və insanların zəif nöqtələrinin istismarı ilə bağlıdır:
“Əvvəlcə qeyd edim ki, sosial şəbəkələrdə yaranan bu səs-küy və bu tip hadisələrin böyük hissəsi kommersiya maraqlarına hesablanıb. Eyni zamanda, insanların müəyyən zəif tərəflərindən istifadə olunur. Bizim cəmiyyətdə falçıya, bu cür qeyri-elmi üsullara inanan insanlar az deyil. Təəssüf ki, akademik səviyyədə tibbi yanaşmaya inanmayanlar belə boş iddialara daha çox inanırlar. Guya otlarla xərçəng müalicə olunur və sair kimi yanaşmalar yayılır”.
Professor qeyd edib ki, öd daşı əslində öd yollarında durğunluq nəticəsində yaranan çöküntüdür:
“Öd daşı öd yollarında çökən öd piqmentləri və öd turşularından ibarətdir. Tərkibində xolesterin və müxtəlif öd piqmentləri olur. Bunların insan orqanizminə hansı faydası ola bilər? Bu maddələr onsuz da hər bir insan orqanizmində mövcuddur. Öd də var, xolesterin də var”.
Adil Qeybulla vurğulayıb ki, bəzi xalq təbabəti üsulları müəyyən qədər özünü doğrultsa da, heyvan öd daşının müalicə vasitəsi kimi təqdim olunması məntiqli deyil:
“Xalq təbabətinin özünü təsdiq etmiş bəzi üsulları var və bu gün də istifadə olunur. Məsələn, zəli ilə müalicə və digər yanaşmalar. Amma müasir akademik təbabət molekulyar biologiyanın köməyi ilə çox yüksək səviyyəyə çatıb. Belə bir dövrdə insanların bu cür cahil yanaşmalara və çağırışlara inanması nə məntiqlidir, nə də düzgündür”.
Gülnaz Abdullazadə
