Avropa İttifaqının növbəti üç ay ərzində öz yanacaq ehtiyatlarından 42 milyon barrel həcmində yanacağı bazara çıxarmaq planı dünya enerji bazarında mümkün qiymət dəyişiklikləri ilə bağlı müzakirələrə səbəb olub. Bu addımın Avropada yanacağın bahalaşmasının qarşısını almağa nə dərəcədə kömək edəcəyi, eyni zamanda Azərbaycanda benzin və dizelin qiymətinə təsir göstərib-göstərməyəcəyi maraq doğurur. Xüsusilə dünya bazarında təklifin artması fonunda ölkəmizdə yanacağın ucuzlaşması ehtimalı diqqət mərkəzindədir.
Referans Media-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Avropa İttifaqının bu qərarının həm qlobal enerji bazarında, həm də Azərbaycan bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacağı gözlənilmir.
42 milyon barrel yanacağın bazara çıxarılmasının dünya bazarına mümkün təsirlərini şərh edən iqtisadçı bildirib:
"Avropa İttifaqının təxminən 42 milyon barrel həcmində yanacağı növbəti üç ay ərzində öz ehtiyatlarından bazara çıxarmasının qlobal səviyyədə və Azərbaycan aspektindən ciddi təsirləri proqnozlaşdırılmır.
İlk növbədə nəzərə almaq lazımdır ki, 2026-cı ilin məlumatlarına əsasən, dünya bazarlarında gündəlik təxminən 57 milyon barrel dizel və digər yanacağa tələbat yaranır. Avropa İttifaqının təklif etdiyi üç aylıq paket isə ən yaxşı halda gündəlik orta hesabla 500 min barrel benzin və dizelin bazara çıxarılması deməkdir.
Bu da gündəlik tələbatın cəmi 1,5-2 faizi ətrafında bir göstəricidir. Belə bir həcmdə yanacağın bazara çıxarılması qiymətlərə ciddi təsir göstərəcək səviyyədə təklif bolluğu yaradan amil deyil.
Buna görə də həmin qərar ən yaxşı halda Avropa İttifaqında yanacaq qiymətlərinin artması istiqamətində mövcud təzyiqlərin qismən neytrallaşdırılmasına imkan yarada bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu tədbir müvəqqəti xarakter daşıyır. Ona görə də əldə ediləcək nəticələrin uzunmüddətli və dayanıqlı olması ehtimalı çox aşağıdır".
Qərarın Azərbaycan bazarına mümkün təsirindən danışan ekspert qeyd edib:
"Digər tərəfdən, məsələyə Azərbaycan aspektindən yanaşsaq, ölkəmizdə benzin və dizelin qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir, bazar mexanizmləri əsasında formalaşmır.
Eyni zamanda, hökumətin bu günə qədər həyata keçirdiyi siyasətin nəticələrini nəzərə almaq lazımdır. Belə ki, hətta böyük neft gəlirlərinin olduğu dövrlərdə belə dünya bazarında neftin qiyməti aşağı düşəndə hökumət yanacağın qiymətinin azaldılması ilə bağlı qərar vermir. Daha çox məsələyə fiskal tarazlığın təmin edilməsi baxımından yanaşılır.
Bu baxımdan Avropa İttifaqının qəbul etdiyi müvafiq qərarın Azərbaycan bazarında dizel və benzinin ucuzlaşmasına gətirib çıxaracağını proqnozlaşdırmaq sadəlövhlük olardı".
Beləliklə, ekspertin fikrincə, Avropa İttifaqının 42 milyon barrel yanacağı bazara çıxarmaq qərarı qlobal yanacaq bazarında ciddi ucuzlaşma üçün kifayət etmir. Bu addım Avropada qiymət artımının müəyyən qədər qarşısını ala bilsə də, təsirin müvəqqəti olacağı gözlənilir. Azərbaycanda isə benzin və dizelin qiymətləri Tarif Şurası tərəfindən müəyyənləşdirildiyindən, Avropanın bu qərarının ölkəmizdə yanacağın ucuzlaşmasına səbəb olacağı ehtimalı aşağı qiymətləndirilir.
Sima Babayeva
