Zelenskiyə ŞAD xəbər - Putinin Trampa KÖMƏYİ...

Prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə bağladığı dizel müqaviləsi ABŞ-da dizel qiymətlərinə heç bir təsir göstərməyib.

 Referans Media The Wall Street Journal-a istinadən xəbər verir ki, əksinə, anlaşmadan sonra ABŞ-da dizelin qiyməti artıb.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, bir qallon dizel yanacağının orta qiyməti Trampın müqaviləni elan etdiyi gündəki 6,28 dollardan oktyabrın 28-də 6,35 dollara çatıb. Qeyd etmək lazımdır ki, ötən həftə 300.000 bareldən çox Rusiya dizel yanacağı daşıyan tanker Poimorsk limanından yola düşüb. Gəmi əvvəlcə Nyu-Yorka gedəcəyini bildirsə də, sonradan təyinat yerini "sifarişlər üçün" olaraq dəyişdirib. Bu, son boşaltma limanının təsdiqlənmədiyini göstərir.

Analitiklər razılaşmanın ABŞ-da yüksək dizel qiymətlərini əhəmiyyətli dərəcədə azaldacağına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, Rusiya neft emalı zavodlarının pis vəziyyəti və ixrac məhdudiyyətləri səbəbindən vəd edilmiş miqdarda dizel yanacağını ixrac edə bilməyəcək.

Bu baş versə belə, vəd edilmiş həcmlər qlobal bazar çatışmazlığının yalnız kiçik bir hissəsini təşkil edir. Bu ay bu, gündə 100.000 bareldən bir qədər çoxdur və noyabr ayında gündə təxminən 125.000 barelə çatacaq. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Rusiya gündə təxminən 800.000 barel dizel ixrac edib.

Onu da qeyd edək ki, Demokratlar Konqresin hər hansı palatasında üstünlüyü ələ alsalar, dərhal Trampla Putinin dizel anlaşmasını qadağan edən qanun qəbul olunacağını elan ediblər. Eyni zamanda Senatın demokrat üzvləri ABŞ-ın əsas yanacaq şirkətləri, qəbul limanlarının idarəçilərinə məktub göndərərək, Rusiya dizelinin alıcıları barədə məlumatları hazırlamalarını tələb ediblər.

Bəs Putinlə anlaşma Trampın gözlədiyi nəticəni vermirsə,onda nədən ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaldır və ona işğalçı müharibəni davam etdirmək üçün əlavə milyardlar qazandırır?


Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Ağ Evin daxili bazarda yanacaq qiymətlərini endirmək və inflyasiya təzyiqini azaltmaq məqsədilə Moskva ilə masaya oturması strateji baxımdan ciddi yanlış hesablamalara dayanır.

Kamran Məmmədlinin sözlərinə görə, Amerika Avtomobil Assosiasiyasının açıqladığı son rəqəmlər razılaşmanın dərhal iflasa uğradığını göstərir: "Tramp bu anlaşmanı elan edəndə dizelin bir qallonunun orta qiyməti 6,28 dollar idi. Lakin oktyabrın 28-nə olan məlumata görə, qiymət 6,35 dollara qalxıb. Yəni anlaşmadan sonra ucuzlaşma deyil, əksinə, 7 sentlik artım qeydə alınıb. Bu fakt bir daha təsdiq edir ki, siyasi sövdələşmələr bazarın obyektiv iqtisadi qanunlarını üstələyə bilmir."

Siyasi şərhçi Primorsk limanından yola düşən 300 min bareldən çox dizel daşıyan tankerin düşdüyü vəziyyətə də diqqət çəkib. O qeyd edib ki, gəminin əvvəlcə Nyu-Yorka gedəcəyini bəyan etməsi, daha sonra isə təyinat yerini "sifarişlər üçün" olaraq dəyişməsi Moskvanın logistik və hüquqi baxımdan nə qədər çarəsiz qaldığının göstəricisidir: "Rusiya neft emalı zavodlarının mövcud acınacaqlı vəziyyəti, Ukraynanın PUA zərbələri nəticəsində sıradan çıxan infrastruktur və Kremlin daxili bazarı qorumaq üçün qoyduğu ixrac məhdudiyyətləri fonunda Moskvanın vəd etdiyi həcmləri təmin etməsi imkansızdır. 2025-ci ildə gündə 800 min barel dizel ixrac edən bir ölkənin bu gün bazara cəmi 100-125 min barel çıxara bilməsi Rusiyanın enerji nəhəngi kimi imkanlarının necə məhdudlaşdığını nümayiş etdirir".

Kamran Məmmədli vurğulayıb ki, bu razılaşma ABŞ-ın daxili siyasətində də ciddi narazılıq dalğası yaradıb: "Demokratlar artıq bəyan ediblər ki, Konqresdə üstünlüyü ələ keçirən kimi bu müqaviləni qanunvericilik yolu ilə ləğv edəcəklər. Senat üyələrinin yanacaq şirkətlərinə və liman administrasiyalarına göndərdikləri tələb məktubları göstərir ki, Rusiya dizelinin alıcıları dərhal nəzarətə götürüləcək. Bu isə Tramp administrasiyası üçün əlavə siyasi təzyiq deməkdir".

Siyasi şərhçinin qənaətinə görə, yaranmış bu mənzərə Ukrayna prezidenti Volodimir Zelenski və Kiyev rəhbərliyi üçün olduqca müsbət siqnaldır: "Rusiya dizelinin ABŞ bazarına daxil olması ilə sanksiya rejimini yumşaltmaq cəhdi boşa çıxdı. ABŞ-da daxili qiymətlərin düşməməsi Konqres və müttəfiqləri sanksiya deşiklərini qapamağa məcbur edir. Rusiyanın hərbi büdcəsini dizel satışı hesabına doldurmaq ümidləri puç olur. Əgər bu anlaşma nə Amerika istehlakçısına xeyir verir, nə də daxili bazarda qiymətləri salırsa, onda ABŞ nə üçün Rusiyaya qarşı sanksiyaları yumşaldır və ona işğalçı müharibəni davam etdirmək üçün əlavə milyardlar qazandırır? Görünür, Vaşinqton pərdəarxası müəyyən güzəştlər müqabilində bu gedişi edib. Lakin bumeranq effekti verən bu addım göstərir ki, bazar reallıqlarına və ədalət prinsipinə söykənməyən hər bir sövdələşmə müəllifinin öz əleyhinə işləməyə məhkumdur".//Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki