Şamaxı-Ağsu sərhədində qeydə alınan 4,3 maqnitudalı zəlzələ bölgədə seysmik aktivlik məsələsini yenidən gündəmə gətirib. Ərazinin seysmik baxımdan aktiv olması və yeraltı təkanların təkrarlanma ehtimalı əhali arasında narahatlıq yaradıb.
Referans Media-ya açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, 4,3 maqnitudalı zəlzələ həmin ərazi üçün ciddi təhlükə hesab olunmur.
Onun sözlərinə görə, Şamaxı-Ağsu istiqaməti seysmik baxımdan aktiv zonadır və burada zəlzələlər mütəmadi olaraq qeydə alınır:
“Bu ərazi qərb istiqamətində zəlzələlərə meyilli zonadır. Seysmoloqlar və AMEA-nın tədqiqatçıları bu əraziləri uzun müddətdir müşahidə edirlər. Şamaxıdan başlayaraq təxminən 98 kilometr məsafəyədək uzanan ərazidə seysmik aktivlik daim mövcuddur. Burada 26 seysmik stansiya vasitəsilə davamlı müşahidələr aparılır. Bəzən il ərzində minlərlə seysmik hadisə baş verir.
Ən vacib məqam ondan ibarətdir ki, 1-3 maqnitudalı zəlzələlər ən aşağı səviyyəli yeraltı təkanlardır. Bunlar çox kiçik maqnitudalı zəlzələlərdir və insanlar tərəfindən heç də həmişə hiss olunmur. 4 maqnitudalı zəlzələlər isə silkələnmə şəklində hiss edilə bilər. Buna görə də ciddi təşvişə düşməyə ehtiyac yoxdur”.
Ənvər Əliyev qeyd edib ki, yeraltı təkanlar zamanı müəyyən qədər enerji ayrılır. Lakin bəzən bu enerji uzun müddət toplanır və nəticədə daha güclü zəlzələlərə səbəb ola bilir:
“Beləliklə, yerin müəyyən qədər enerjisi çıxır. Ancaq elə vaxt olur ki, enerji gecikir, daha doğrusu, toplanır və nəticədə birdən-birə əvvəlkindən bir neçə dəfə güclü zəlzələlər baş verir. Bunlar dağıntılara səbəb ola bilər. Ona görə də ərazidə baş verən seysmik hadisələrə diqqətlə yanaşmaq lazımdır”.
Ekspert əlavə edib ki, Şamaxı və Ağsu ərazilərində seysmik aktivlik nəzərə alınmalı, tikinti zamanı texniki tələblərə ciddi əməl edilməlidir. Xüsusilə fərdi yaşayış evlərinin inşasında istifadə olunan materialların keyfiyyətinə diqqət yetirilməlidir.
Gülnaz Abdullazadə
