İsrailin İranda yerləşən nüvə obyektlərinə mümkün hücumları bölgədə radiasiya təhlükəsi ilə bağlı narahatlıqları artırıb. Hazırda radiasiya yayılması qeydə alınmasa da, cənub bölgəsində və Naxçıvan Muxtar Respublikası ərazisində profilaktik ölçmələr aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərhədyanı rayonlarda vəziyyəti avtomatik stansiyalar vasitəsilə gündəlik nəzarətdə saxlayır.
Bəs nüvə obyektlərinə intensiv zərbələr radiasiya sızmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev bildirib ki, İranda hazırda 17 uran zənginləşdirmə kombinatı fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu obyektlər arasında Natanz nüvə obyekti ən böyük və strateji əhəmiyyət daşıyan mərkəzlərdən biridir:
“İsrail hərbi qüvvələrinin hücumu nəticəsində bu obyektə zərər dəyib. Lakin radioaktiv izotopların sızması ilə bağlı yayılan məlumatlar birmənalı deyil – fərqli mənbələr müxtəlif informasiyalar təqdim edir. Əgər sızma baş versə belə, Azərbaycan ərazisinə 900 km məsafədə yerləşən bu obyekt real təhlükə yaratmır. Hazırda sərhəd boyunca Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daimi monitorinqlər aparılır və indiyə qədər təhlükəli radiasiya səviyyəsi qeydə alınmayıb”.
İslam Mustafayev əlavə edib ki, hücumların davam etməsi və preventiv tədbirlərin görülməməsi halında risk arta bilər:
“Hücumlar davam edərsə, risk arta bilər. Bu səbəbdən sərhədyanı ərazilərdə gücləndirilmiş monitorinq təşkil etmək vacibdir. Radiasiya Problemləri İnstitutunun ekspedisiyası mayın 10–14-də Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli və Biləsuvar rayonlarında plan üzrə monitorinqlər həyata keçirib. Həmin günlərdə hücumlar baş versə də, ölçmə nəticələrində təhlükə əlaməti müşahidə edilməyib”.