Azərbaycanlı qadınlar Polşada fahişəliyə cəlb edilib - Məhkəmə başladı

Polşanın Qdansk şəhərində məşhur Rozi gecə klubu ilə bağlı məhkəmə prosesi başlayıb.

Referans Media  xarici KİV-ə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 2005-2021-ci illərdə fəaliyyət göstərən klubun adı altında uzun illər mütəşəkkil cinayət şəbəkəsi fəaliyyət göstərib. Şəbəkənin fahişəlik, narkotik alveri və çirkli pulların yuyulması ilə məşğul olduğu iddia olunur.

İş üzrə 32 nəfər müttəhim kürsüsündədir. İstintaq materiallarında xüsusilə xaricdən qadınların Polşaya gətirilərək fahişəliyə cəlb edilməsi ilə bağlı iddialar yer alır. Bildirilir ki, həmin qadınlar arasında Azərbaycan, Belarus və Ukraynadan olan qadınlar da olub.

Məhkəmədə ifadə verən klubun keçmiş təhlükəsizlik rəhbərinin sözlərinə görə, bəzi qadınların Polşada qalmasını leqallaşdırmaq üçün formal nikahlardan istifadə edilib. Klubda qadınlar və müştərilərlə işləyən, təhlükəsizliyə, narkotiklərə və maliyyəyə nəzarət edən şəxslər arasında müəyyən iyerarxiyanın olduğu iddia olunur.

İstintaqın məlumatına görə, şəbəkənin fəaliyyəti nəticəsində böyük məbləğdə gəlir əldə edilib. İş üzrə təxminən 45 milyon zlotı gəlirdən və ümumi dəyəri 25 milyon zlotı olan 17 daşınmaz əmlakın həbsindən söhbət gedir.

Bundan başqa, istintaq klubla əlaqəli şəxslərin COVID-19 pandemiyası dövründə dövlət yardımından qanunsuz olaraq təxminən 450 min zlotı əldə etdiyini də araşdırır. İşdə adı çəkilən şəxslərdən biri Qjeqoj H. adı daha əvvəl Polşa Prezidenti Karol Navrotski ilə tanışlığı kontekstində mediada gündəmə gəlib. Məhkəmə prosesi avqustun 13-də Qdansk Rayon Məhkəməsində başlayıb. Növbəti iclas sentyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, bütün müttəhimlər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təqsirləri sübuta yetirilənədək təqsirsiz hesab olunurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki