İş adamları, sahibkarlar vaxtaşırı rəsmi qurumlardan şikayət edirlər. Onların iddiasına görə, özəl sektora maneçilik törədilir, süni əngəl yaradılır. İrili-xırdalı özəl sektor təmsilçiləri əngəllərin və yersiz müdaxilələrin biznesin, sahibkarlığın inkişafına mane olduğunu deyirlər.
Tanınmış iş adamı Mürvət Həsənli özünün sosial şəbəkə hesabında bu mövzuda paylaşım edib. O, yazdığı statusda sahibkarlara yaradılan süni maneələrdən bəhs edib. Mürvət Həsənli hakimiyyətə yaxınlığı ilə seçilən iş adamıdır. O, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) prezidentidir. Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədridir.
Mürvət Həsənli bildirib ki, bəzi sahibkarlar həftənin ən azı dörd gününü bu problemlərin həllinə sərf edir, nəticədə istehsalı artırmaq, yeni iş yerləri yaratmaq və investisiya qoymaq əvəzinə vaxtlarını, enerjilərini yaranan maneələrin aradan qaldırılmasına yönəltməli olurlar.
Sitat: “Əgər hər hansı dövlət qurumu qanunsuz və əsassız şəkildə fermeri incidirsə, sahibkarın normal fəaliyyətinə mane olursa, bu, artıq yalnız bir vətəndaşa və ya sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə həyata keçirilən sahibkarlığın inkişafı siyasətinə və dövlət başçısının müəyyən etdiyi xəttə zidd yanaşmadır. Sahibkarı heç bir əsas olmadan zərərə salmaq onun istehsal imkanlarını zəiflədir, iş yerlərini risk altına qoyur və nəticədə vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində ciddi problemlər yarada bilər”.
Sahibkarlara çətinlik yaradan kimlərdir, hansı qurumlardır? Bu problemlər niyə yaranır?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, burada problemi konkret olaraq bir və ya iki dövlət qurumunun üzərinə qoymaq düzgün olmaz:
“Sahibkarın üzləşdiyi süni maneələr daha çox dövlət idarəçiliyində səlahiyyətlərin çoxluğu, qurumlararası koordinasiyanın zəifliyi və məmurun sahibkarla münasibətdə məsuliyyətdən daha çox formal prosedura üstünlük verməsi ilə bağlıdır. Ən çox narazılıq yaradan sahələr vergi, gömrük, tikinti və şəhərsalma, torpaq, ekologiya, sanitariya, baytarlıq, kənd təsərrüfatı, əmək münasibətləri və müxtəlif icazə-rəylərin alınması ilə bağlı dövlət strukturlarıdır. Burada məsələ həmin qurumların hamısının sahibkara qəsdən mane olması deyil. Problem ondadır ki, hər bir qurum öz prosedurunu ayrıca tələb edir və sahibkar eyni məlumatı müxtəlif orqanlara dəfələrlə təqdim etməli, müxtəlif yoxlamalar və razılaşdırmalardan keçməli olur. Xüsusilə istehsal və kənd təsərrüfatı ilə məşğul olan sahibkar üçün vəziyyət daha mürəkkəbdir. Torpaq, tikinti, elektrik, su, ekologiya, baytarlıq, qida təhlükəsizliyi, vergi və digər məsələlər üzrə ayrı-ayrı qurumlarla əlaqə saxlamaq lazım gəlir. Bir qurumun verdiyi icazə digər qurumun tələbi ilə uyğun gəlmədikdə sahibkar məsələni həll etmək üçün həftələrlə vaxt itirə bilir. Bu zaman iqtisadi itki yalnız sahibkarın vaxt itkisi deyil, həm də istehsalın gecikməsi, əlavə xərc və investisiya qərarlarının təxirə salınmasıdır”.
İqtisadçı bildirib ki, bunun əsas səbəblərindən biri bəzi dövlət qurumlarında nəticəyə deyil, prosesə nəzarət yanaşmasının hələ də güclü olmasıdır:
“Məmur üçün sahibkarın zavod tikib iş yeri yaratması və ya istehsalı artırması yox, sənədin düzgün doldurulması, möhürün, arayışın və icazənin olması əsas məsələyə çevrilir. Belə vəziyyətdə sahibkar iqtisadi fəaliyyət göstərən şəxs kimi deyil, daim hansısa proseduru pozmaq ehtimalı olan subyekt kimi qəbul edilir. Digər səbəb normativ bazanın mürəkkəbliyi və bəzi hallarda bir-birini təkrarlayan tələblərdir. Qanunvericilikdə boşluq və ya ziddiyyət olduqda məsuliyyət daşımaq istəməyən məmur problemi həll etmək əvəzinə əlavə sənəd tələb etməyə meyllənir. Bu da sahibkarın dövlət qurumları arasında get-gəl etməsinə səbəb olur”.
Akif Nəsirli
Ekspert qeyd edib ki, bir başqa problem rəqəmsallaşmanın bütün proseslərə eyni səviyyədə tətbiq edilməməsidir:
“Əgər dövlətin bir qurumunda olan məlumatı digər qurum sahibkardan yenidən tələb edirsə, deməli, elektron sistemlər olsa da, “bir məlumatı dövlət bir dəfə alır” prinsipi tam işləməyib. Sahibkarın hər həftə bir neçə gününü dövlət idarələrində keçirməsi məhz belə idarəetmə modelinin göstəricisidir. Bəzi hallarda isə məsələnin daha ciddi tərəfi var: qeyri-müəyyənlik məmura sahibkar üzərində əlavə inzibati təsir imkanı yaradır. Tələb nə qədər çox, prosedur nə qədər mürəkkəb və qərarvermə nə qədər subyektivdirsə, sahibkarın işi bir o qədər konkret şəxslərin qərarından asılı vəziyyətə düşür. Bu, korrupsiya riskini də artırır. Ona görə “süni maneə” dedikdə yalnız qanunsuz tələb və ya bir məmurun sahibkara qəsdən problem yaratmasını yox, sahibkarı vaxt və resurs itkisinə məruz qoyan bütöv inzibati sistemi də nəzərə almaq lazımdır.
Əslində dövlət qurumunun sahibkara münasibətinin əsas meyarı onun neçə sənəd tələb etməsi yox, sahibkarın işini nə qədər sürətlə və şəffaf həll etməsidir. Dövlət biznesə maneə yaratmamalı, əksinə, qanunlara əməl olunmasını təmin etməklə yanaşı, sahibkarın fəaliyyətinin qarşısındakı lazımsız inzibati baryerləri aradan qaldırmalıdır. Çünki sahibkar dörd gününü dövlət qurumlarının qapısında keçirirsə, həmin dörd gün ərzində nə istehsal artır, nə yeni işçi götürülür, nə də yeni investisiya qoyulur. Bu, nəticədə təkcə sahibkarın deyil, bütövlükdə iqtisadiyyatın itkisidir”.

