Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Ankarada keçiriləcək NATO sammiti ilə əlaqədar komendant saatı tətbiq olunacağı barədə yayılan məlumatları təkzib edib.
Referans Media-nın xəbərinə görə, qurumun açıqlamasında bildirilib ki, iyulun 7-8-də keçiriləcək sammitlə əlaqədar paytaxt Ankarada iki günlük komendant saatının tətbiq ediləcəyi barədə bəzi sosial media hesablarında yayılan iddialar həqiqətə uyğun deyil.
“2026-cı il iyulun 7-8-də keçiriləcək NATO sammiti ilə əlaqədar Ankarada komendant saatı elan edilməyəcək”, – deyə məlumatda qeyd olunub.
Bəyanatda həmçinin vurğulanıb ki, sammit ərəfəsində cəmiyyətdə təşviş və qeyri-müəyyənlik yaratmağa yönələn bu cür əsassız məlumatların yayılması ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür və aidiyyəti hüquqi prosedurlar həyata keçirilir./globalinfo.az
