Bakıda mənzil qiymətlərinin yüksək olması vətəndaşların ev sahibi olmasını çətinləşdirir. Bazarda torpaq sahələrinin məhdudluğu, tikinti xərclərinin artması və daşınmaz əmlaka tələbatın qorunub saxlanılması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır.
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, mənzil qiymətlərində ucuzlaşma gözləmir. Onun sözlərinə görə, tikintidə maya dəyərinin və torpaq qiymətlərinin artması, eləcə də daşınmaz əmlakın cəlbediciliyini qoruması qiymətlərin aşağı düşməsini çətinləşdirir.
Ekspert qeyd edib ki, 2026-cı ilin sonlarına yaxın mənzillərin qiymətində 5 faiz, torpaq sahələrinin qiymətində isə 8 faiz artım olarsa, 2027-ci ildə də bahalaşmanın davam edəcəyini proqnozlaşdırmaq mümkündür. Bununla belə, onun fikrincə, qiymət artımının tempi əvvəlki illərlə müqayisədə daha zəif ola bilər.
Vüqar Oruc bildirib ki, Bakı şəhərinin Baş Planı 2040 çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparıldığı, yeni parkların salındığı və yaşıllıq ərazilərinin yaradıldığı yerlərdə qiymət artımı digər ərazilərlə müqayisədə daha yüksək olacaq. O vurğulayıb ki, infrastrukturun yenilənməsi və köhnə mənzil fondunun yeni binalarla əvəzlənməsi qiymət artımına birbaşa təsir göstərir.
AQC sədri əlavə edib ki, 2027-ci ildə mənzil qiymətlərində 10-15 faiz aralığında artım proqnozlaşdırılır. Onun sözlərinə görə, iqtisadi kataklizmlər, təbii fəlakətlər və qlobal böhranlar kimi ciddi hadisələr baş vermədiyi təqdirdə, bahalaşma tendensiyası davam edəcək.
Ekspertin fikrincə, sosial mənzil layihələrinin həcmi genişləndirilməzsə və tikintinin həcmi artırılmazsa, mənzil qiymətlərində ucuzlaşma gözləmək çətindir.
