Bir neçə gün sonra Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran Prisi paytaxtın kirayə mənzil bazarında fəallığı artırıb. Yarışları izləmək üçün Avropa və Asiyanın müxtəlif ölkələrindən Bakıya gələn turistlərin sayı artdıqca, qısamüddətli kirayə mənzillərə tələbat da yüksəlib. Xüsusilə yarış trasının keçdiyi ərazilərdə və şəhər mərkəzinə yaxın ərazilərdə mənzillərə maraq daha çox hiss olunur. Bəzi ev sahibləri yarış günlərində mənzilləri daha yüksək qiymətlərlə təklif edirlər. Bu isə "Formula 1" yarışlarının Bakıda qısamüddətli kirayə bazarına təsirini daha da artırır.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli.Az-a açıqlamasında bildirib ki, "Formula 1" yarışlarının keçirildiyi marşrutun keçdiyi ərazilərdə yerləşən mənzillərin və eyvanların kirayə qiymətləri hər il yarışlar zamanı kəskin artır.
Onun sözlərinə görə, bu dəfə də eyni tendensiya gözlənilir.
"Ərazi olaraq Səbail rayonunda, İçərişəhərdə, bulvar ərazisində və Sahil metrosunun ətrafında günlük evlərə tələbat artacaq. Eyvanından və ya pəncərəsindən birbaşa yarışları izləmək imkanı olan mənzillərin kirayə qiymətləri formalaşacaq. Bu da qiymətlərin artımına səbəb olacaq. Belə qiymət artımları təxminən bir həftəlik dövrü əhatə edir. Son yarışlardakı qiymətlərlə müqayisədə halqa ətrafındakı evlərin günlük qiyməti 40% arta bilər. Mənzillərin yerləşməsindən və tədbiri müşahidə etmək imkanlarından asılı olaraq qiymətlər bir gün üçün təqribən 400-600 manat arasında dəyişə bilər", - deyə o qeyd edib.
