Bunu etməyi dərhal dayandırın! Əks halda çox pis nəticə ilə üzləşəcəksiniz

Son 15 ildə abortların sayının 30 faiz artdığı bildirilir. Ekspertlər bu artımın arxasında yalnız fərdi qərarların deyil, sosial-iqtisadi vəziyyət, ailə planlaşdırılması imkanları, mənzil və gəlir problemləri, reproduktiv savadlılıq və cəmiyyətin aborta münasibəti kimi bir sıra amillərin dayandığını bildirirlər.

Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, abortların artmasının həm obyektiv, həm də sosial səbəbləri var.

Onun sözlərinə görə, son 15 ildə 30 faizlik artım göstəricisi son illərdə bu rəqəmin daha kəskin dəyişdiyini göstərir:

“Abortların artımında müxtəlif sosial amillər rol oynayır. İlk növbədə ailələrin maddi vəziyyətinin burada birbaşa təsiri var. Erkən nikahlar isə məncə, faktorlar sırasında daha sonuncu yerlərdədir. Ailə planlaşdırılması məsələsi də müəyyən qədər adekvat amil kimi qiymətləndirilə bilər.

Cəmiyyətin aborta münasibətinin dəyişməsi də göz önündədir. Bu, təkcə sosial göstərici deyil, həm də ailə problemləri, sosial-iqtisadi vəziyyətin çətinləşməsi, demoqrafik davranışın mürəkkəbləşməsi və reproduktiv mədəniyyətin qarşılıqlı təsiri fonunda baş verən mənfi tendensiyadır”.

Sosioloq qeyd edib ki, Azərbaycanda rəsmi statistikaya görə, 2010-cu ildə abortların sayı 26 801 olub. Onun sözlərinə görə, sonrakı illərdə bu göstəricidə ciddi artım müşahidə edilib.

“Əgər 15-19 yaş qrupunda abortların sayının kəskin artımı varsa, bu da erkən hamiləliyi gücləndirən faktorlar sırasında qiymətləndirilə bilər. Müqayisə apardıqda görürük ki, 2010-cu ildə bu yaş qrupunda göstərici 1165 idisə, sonrakı illərdə bu rəqəm 2700-ə çatıb”, - deyə o bildirib.

Naib Niftəliyev vurğulayıb ki, əsas amillərdən biri sosial-iqtisadi vəziyyət və ailələrin maddi durumudur:

“Uşağın dünyaya gəlməsi həm də onun sağlam yetişdirilməsi deməkdir. Bu, yalnız tibbi məsələ deyil, həm də mənzil, gəlir, təhsil və səhiyyə təminatı ilə bağlı amildir. Ailədə mövcud olan uşaqların sosial ehtiyaclarının qarşılanmasında yaşanan ciddi çətinliklər yeni uşağın dünyaya gəlməsi qərarına təsir göstərə bilər”.

Onun sözlərinə görə, ailə planlaşdırılması imkanları ilə bağlı çətinliklər də abortların sayına təsir edən amillərdəndir. Sosioloq bildirib ki, UNFPA tərəfindən aparılan tədqiqatlar ailə planlaşdırılması üzrə məsləhət və məlumatlara çıxışın məhdudluğunun aborta nəzarət vasitəsi kimi baxılmasına səbəb olduğunu göstərir.

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması imkanlarından irəli gələn çətinliklər də burada öz sözünü deyir. Son dövrlər ailə qurmaq və övlad dünyaya gətirmək davranışlarının dəyişməsi, bəzi şəxslərin ailə quraraq övlad dünyaya gətirmək istəməməsi, digərlərinin isə boşandıqdan sonra övlad dünyaya gətirməkdən imtina etməsi kimi subyektiv meyilləri də səbəblər sırasında sadalamaq olar”, - deyə sosioloq əlavə edib.

Cəmiyyətin aborta münasibətinə də toxunan ekspert bildirib ki, bu məsələ sosial-psixoloji amil kimi mühüm rol oynayır.

“Azərbaycanda aborta münasibət nə tam müsbət, nə də tam neytraldır. Qınayanlar da var, müdafiə edənlər də. İnsanların fərqli motivləri, ailə və cəmiyyət təzyiqi, qadının qərarvermə imkanlarının məhdudluğu, uşağın qız və ya oğlan olması ilə bağlı stereotiplər qərarlara təsir göstərə bilər.

Əsas məqam ondan ibarətdir ki, bu, yalnız qadınların fərdi qərarı deyil. Həm də ailənin gəlir vəziyyəti, mənzil şəraiti, ailədaxili münasibətlər, reproduktiv savadlılıq, həyat planları, sosial gözləntilər və ailə daxilində qərarvermə imkanları ilə bağlıdır”.

Sosioloq qeyd edib ki, abortların sayındakı statistik artımı avtomatik olaraq insanların aborta münasibətinin dəyişməsi kimi qəbul etmək doğru deyil:

“Qeydiyyatın yaxşılaşması, xidmətlərə çıxışın dəyişməsi və statistik əhatənin artması da bu göstəricilərə təsir göstərə bilər. Buna görə sosial səbəbləri müəyyən etmək üçün yalnız abortların mütləq sayına deyil, yaş qruplarına, doğum səviyyəsinə, qoruyucu vasitələrdən istifadəyə, ailələrin gəlir və yaşayış şəraitinə də diqqət yetirilməlidir”.

Naib Niftəliyev hesab edir ki, bu problem yalnız demoqrafik məsələ deyil, həm də ailə siyasəti, sosial müdafiə və gender münasibətləri ilə bağlıdır.

“Burada sosial xidmətlərin rolu və əhəmiyyəti artır. Sosial maarifləndirmə, ailə planlaşdırılması ilə bağlı sosial dəstək proqramları və sağlamlıq göstəricilərinin önə çəkilməsi vacibdir. 30 faizlik göstərici 15 illik statistikanın orta göstəricisidir. Bu faktorlar ciddi araşdırılmalı və gələcək nəslin inkişafı baxımından sağlam münasibətlər, sağlam davranış və sağlam nəsil davamlılığı istiqamətində tədbirlər görülməlidir”, - deyə sosioloq bildirib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki