Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub.

Referans Media xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib.

Argentina Hərbi Dəniz Qüvvələrinə aid ARA Libertad təlim gəmisi 54-cü təlim səfərini başa vuraraq Buenos-Ayresə qayıdıb. Gəmi aprelin 11-də başladığı 161 günlük səfərdən sonra 256 nəfərlik heyətlə limana çatıb.

Argentina televiziyası TN-nin gəmidə apardığı canlı yayım zamanı müxbir Mario Lobo qadın dənizçilərdən biri ilə müsahibə edib. Dənizçi aylarla davam edən səfərdən sonra ailəsi ilə görüşmək istədiyini bildirib.

Müsahibə başa çatdıqdan sonra qadın dənizçi müxbirin arxasından keçərək göyərtədə hərəkət etməyə başlayıb. Bu zaman kamera digər heyət üzvlərinə tərəf çevrilib.

Bir neçə saniyə sonra isə maraqlı görüntü yaranıb. Kamera istiqamətini dəyişdikdə göyərtədəki digər şəxslər kadra düşsə də, az əvvəl oradan keçən qadın dənizçinin görünməməsi izləyicilərdə "Hara getdi?" sualını yaradıb.

Görüntülər qısa müddətdə müxtəlif ölkələrdə sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər hadisəni zarafatla "Matrix xətası" və "teleportasiya" kimi şərh ediblər.

Xarici mediada yayılan məlumatlara görə, görüntüdə paranormal hadisə və ya real yoxa çıxma halından söhbət getmir. Yaranan effektin kameranın hərəkəti, baxış bucağının dəyişməsi və göyərtədə hərəkət edən digər şəxslərin qadın dənizçini qısa müddətə görüntüdən gizlətməsi ilə bağlı optik illüziya olduğu bildirilir.

Beləliklə, sosial mediada "yoxa çıxma" kimi təqdim edilən anın əslində kamera bucağı və göyərtədəki hərəkətlilik nəticəsində yaranan görüntü effekti olduğu ehtimal edilir./Sonxeber.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki