Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

Azərbaycan və Almaniya arasında son dövrdə siyasi və iqtisadi əlaqələrin fəallaşması Berlinin Cənubi Qafqaza, xüsusilə də Azərbaycanın regional və iqtisadi imkanlarına marağını artırdığını göstərir. Almaniyanın bölgədə fəallığının artmasında Rusiyanın mövqelərinin zəifləməsi, Azərbaycanın sülh təşəbbüsləri, enerji və logistika imkanları əsas amillər kimi göstərilir.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Almaniya ilə Azərbaycanın son vaxtlar əlaqələrində hiss olunan fəallaşma, ümumən, Almaniyanın bu bölgəyə daha çox maraq göstərməsi ilə bağlıdır.

“Almaniyanın Cənubi Qafqaz bölgəsində fəallığının artmasının bir neçə səbəbini nəzərdən keçirmək olar. Birincisi, Almaniya bu bölgədə Ermənistanla həmişə yaxşı münasibətlərdə olmuş ölkədir və bu gün də Ermənistanın Rusiyadan qopmaq və Avropaya yaxınlaşmaq siyasətinə bir növ dəstək vermək çərçivəsində bölgədə öz aktivliyini artırmaq məcburiyyətindədir.

Digər tərəfdən, Almaniyada yaxşı başa düşürlər ki, Cənubi Qafqazda Rusiyanın mövqeyi zəiflədikcə burada bir boşluq əmələ gəlir. Almaniya belə bir boşluqda özünün aktivliyini, həm də Azərbaycanın hesabına artırmağa çalışır. Deməli, burada həm geosiyasi amillər var, həm də Azərbaycanın cəlbedici iqtisadi potensialları Almaniya üçün maraqlı görünür.

Çünki Almaniyada Azərbaycanın iqtisadi imkanlarından, Mərkəzi Asiyadan Avropaya doğru enerji nəqli və logistika proseslərindən yararlanmağa cəhd göstərirlər. Bu gün Avropa ölkələrinin böyük bir qismi Azərbaycanın imkanlarında maraqlıdır və Azərbaycandan xüsusilə iqtisadi-ticarət və investisiya sahəsində münasibətləri aktivləşdirməyə çalışırlar.

Daha çox bu bölgədə Azərbaycanın sülh təşəbbüskarlığının artması və Rusiyanın bölgədə mövqelərinin zəifləməsi nəticəsində yaranan boşluq Avropa ölkələri üçün cəlbedici görünür.

Bu cəhətdən Almaniya Azərbaycan imkanlarına söykənərək bu bölgədə özünün siyasi-iqtisadi varlığını gücləndirməyə çalışır. Ayrı məsələdir ki, Azərbaycanın da maraqları var. Çünki Almaniya Avropanın ən böyük iqtisadiyyatına malik olan ölkədir. Sözsüz ki, Azərbaycan da Almaniyanın iqtisadi imkanlarından bəhrələnə bilər, amma bu iqtisadi imkanlar çərçivəsində iqtisadi-ticarət əməkdaşlığının genişlənməsi həm də siyasi münasibətlərdən çox asılıdır.

Bu siyasi münasibətlərin daha rəvan xarakter alması isə daha çox Almaniyadan asılıdır. Əgər Almaniya Ermənistana ikili standart çərçivəsində üstün yanaşmaqda davam edərsə, Azərbaycanla iqtisadi-ticarət müstəvisində münasibətləri ancaq müəyyən həddə qədər inkişaf etdirə bilər.

Yaxşı olar ki, Almaniyanın, xüsusilə də Ermənistanla Azərbaycan arasında fərq qoyma, ikili standart siyasəti arxa plana keçsin”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki