Çin: ABŞ-la birlikdə qlobal sülh və sabitliyin təşviqi üçün çalışmağa hazırıq

Çin hakimiyyəti Prezident Si Cinpin ABŞ-a planlaşdırılan səfəri zamanı Vaşinqtonla əməkdaşlıq edərək qlobal sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu açıqlayıb.

Referans Media Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyin brifinq zamanı bildirib.

“Çin ABŞ-la birlikdə iki ölkə arasında konstruktiv strateji sabitliyə real məzmun qazandırmağa, dialoq və əməkdaşlığı gücləndirməyə, fikir ayrılıqlarını düzgün idarə etməyə, hər iki xalqın rifahını davamlı şəkildə yaxşılaşdırmağa və qlobal sülh ilə sabitliyə töhfə verməyə hazırdır”, – deyə Xua Çunyin vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Çin və ABŞ liderlərinin qarşılıqlı səfərləri “tarixi əhəmiyyətə malikdir və mühüm mərhələ hesab olunur”.

Çin Xarici İşlər Nazirliyi daha əvvəl açıqlamışdı ki, Si Cinpin sentyabrın 23-25-də ABŞ-a dövlət səfəri edəcək.

Reuters agentliyinin ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçiriləcək görüş zamanı Çin lideri ilə ticarət, nadir torpaq elementlərinin tədarükü, süni intellekt texnologiyaları və qlobal iqtisadiyyat məsələlərini müzakirə etməyi planlaşdırır.

Görüşün dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlərin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki