Müasir dünyada iş rejimlərinin optimallaşdırılması və əmək məhsuldarlığının artırılması istiqamətində müxtəlif addımlar atılır. Xüsusilə texnoloji cəhətdən inkişaf etmiş beynəlxalq şirkətlər 4 günlük iş həftəsinə keçid edərək həm resurslara qənaət edir, həm də iş səmərəliliyini artırırlar. Lakin bu modelin Azərbaycan reallığında tətbiq imkanları ciddi suallar doğurur.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Referans Media-ya açıqlamasında mövzu ilə bağlı reallıqları müxtəlif məqamlar üzrə belə qiymətləndirib:
"Bu bəzi texnoloji inkişafı olan şirkətlər dünyada bunu edirlər və onlar iş gününü və iş həftəsini qısaltmaqla əslində məhsuldarlıq azalmır, əksinə artır və şirkətlər buradan qazanırlar."
"Qazanırlar deyəndə ki, artıq iş günləri olmadıqda enerji və s. digər materialların sərfiyyatı olmur. İstədiklərini də 4 iş günündə əldə edirlər."
"Bunu hər şirkət edə bilmir, orada yüksək texnoloji inkişafa malik şirkətlər edir. Dövlət orqanları isə — bunun heç bir ölkədə belə bir şey yoxdur. Bizdə heç ümumiyyətlə mümkün deyil."
"Çünki bizdə gedib baxırsınız, dövlətin o kommersiya qurumları var da, baxırsınız 12 saat, 14 saat işlədirlər fəhləni, şənbə işlədirlər, bazar işlədirlər. Hansı 4 günlükdən danışa bilərik bizdə? Heç ümumiyyətlə müzakirə mövzusu deyil bizdə o."
"Lakin hansısa xırda ofis bunu istəsə eləyə bilər, bəlkə də eləyənlər də var. Amma dövlət sektoru bunu etməyəcək."
"Dövlətə məxsus kommersiya qurumları var ki, və ya səhmdar cəmiyyətləridir, ya qapalı səhmdar cəmiyyətləridir — hansı ki səhmlərinin nəzarət paketi dövlətdədir, yaxud dövlətin təsərrüfat subyektləridir sadəcə — onların heç biri bunu edəsi deyil."
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun açıqlamasından göründüyü kimi, 4 günlük iş həftəsi qlobal miqyasda inkişaf etmiş texnoloji şirkətlər üçün səmərəli model olsa da, ölkəmizdəki mövcud əmək rejimi və xüsusilə dövlətə bağlı kommersiya sektorundakı ağır iş şəraiti bu modelin tətbiqini qeyri-real edir. Kiçik özəl subyektlər istisna olmaqla, yaxın gələcəkdə bu mövzunun ölkə miqyasında reallaşması gözlənilmir.
Sima Babayeva
