Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində guya "saxta botoks" prosedurlarından sonra pasiyentlərin səhhətində problemlər yaranması ilə bağlı müxtəlif iddialar yayılır. Lakin bu məlumatlarda konkret olaraq hansı preparatdan və ya hansı brenddən söhbət getdiyi göstərilmir.
Həkim kosmetoloq Gülsüm Əliyeva Referans Media-ya bildirib ki, belə yanaşmalar cəmiyyətdə yanlış təsəvvürlər yarada və tibbi reallığı düzgün əks etdirməyə bilər. Onun sözlərinə görə, insanların gündəlik olaraq "botoks" adlandırdığı maddə əslində A tipli Botulinum Toksinidir. Bu preparat Clostridium botulinum bakteriyasından əldə edilən bioloji məhsuldur və həm tibbi, həm də estetik məqsədlərlə dünyada geniş istifadə olunur.
"Botoks" sözünün maddənin adı deyil, kommersiya markası olduğunu qeyd edən Gülsüm Əliyeva bildirib ki, bu ad zamanla bütün botulinum toksini preparatlarına aid edilən ümumi ifadəyə çevrilib. Hazırda dünya üzrə rəsmi qeydiyyatdan keçmiş müxtəlif botulinum toksini brendləri mövcuddur.
Saxta preparatlar mövcuddur, lakin hər fəsad bununla bağlı deyil
Həkimin sözlərinə görə, dünyada və Azərbaycanda zaman-zaman sertifikatsız və qanunsuz yollarla gətirilmiş preparatlara rast gəlinib.
"2017-ci ildə Azərbaycanda da qanunsuz yollarla keyfiyyətsiz və saxta botulinum toksini preparatlarının ölkəyə gətirilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib və məsul şəxslər saxlanılıb. Lakin prosedurdan sonra yaranan hər hansı narahatlığı avtomatik olaraq məhsulun saxta olması ilə əlaqələndirmək tibbi baxımdan düzgün yanaşma deyil", – deyə Gülsüm Əliyeva vurğulayıb.
Botoksda "soyuq zəncir" çox vacibdir
Kosmetoloq bildirib ki, botulinum toksini həssas zülal strukturlu bioloji preparatdır və onun effektivliyi düzgün saxlanma və daşınma şəraitindən birbaşa asılıdır.
Onun sözlərinə görə: "Preparat istehsalçı təlimatlarına uyğun temperatur rejimində saxlanmalıdır. Daşınma zamanı "soyuq zəncir" qorunmalıdır. Temperatur rejiminin pozulması preparatın strukturuna təsir edə və gözlənilməz nəticələr yarada bilər. Belə hallarda preparat ya təsirini itirə bilər, ya da arzuolunmaz reaksiyalara səbəb ola bilər".
Prosedurdan sonra pasiyentin davranışı da önəmlidir
Gülsüm Əliyeva diqqətə çatdırıb ki, botoks prosedurunun nəticəsi yalnız preparatın keyfiyyətindən və həkimin peşəkarlığından deyil, həm də pasiyentin prosedurdan sonrakı qaydalara əməl etməsindən asılıdır.
Xüsusilə isti havalarda risklərin arta biləcəyini bildirən həkim qeyd edib ki, prosedurdan sonra ilk günlərdə: "Güclü günəş şüalarından, sauna və isti hamamdan, həddindən artıq fiziki aktivlikdən, inyeksiya olunan nahiyənin masaj edilməsindən və sıx sürtülməsindən uzaq durmaq lazımdır. Çünki yüksək temperatur, intensiv tərləmə və nahiyəyə mexaniki təsir preparatın toxumalarda arzuolunmaz yayılmasına səbəb ola bilər".
Yan təsirlər həmişə saxta məhsul anlamına gəlmir
Həkim bildirib ki, bəzi hallarda preparatın toxumalarda yayılması nəticəsində: "Göz ətrafı nahiyədə göz qapağının aşağı düşməsi (pitoz), ağız ətrafında asimmetriya və dodaq bucaqlarında dəyişikliklər müşahidə oluna bilər".
"Lakin bu kimi hallar hər zaman preparatın saxta olması demək deyil. Burada preparatın saxlanması, tətbiq texnikası və pasiyentin prosedur sonrası davranışı birlikdə qiymətləndirilməlidir", – deyə Gülsüm Əliyeva qeyd edib.
Mütəxəssis seçimi əsas şərtdir
Kosmetoloq sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatların cəmiyyətdə əsassız təşviş yaratmamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, pasiyentlər prosedur seçərkən yalnız reklam və ucuz qiymətə deyil, mütəxəssisin peşəkarlığına, klinikanın şəraitinə və istifadə olunan preparatların rəsmi qeydiyyatına diqqət etməlidirlər.
"İnsanlar gördükləri hər reklama və rastlaşdıqları hər məlumata inanmalı deyil. Sağlamlıqla bağlı qərarlar yalnız peşəkar mütəxəssislərin tövsiyəsi əsasında verilməlidir", – deyə Gülsüm Əliyeva bildirib.
