İyulun 18-də Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” təşkil edilib.
Referans.az bildirir ki, forum Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, deputatlar Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan, Azərbaycanın və Türkiyənin tanınmış media rəhbərləri iştirak ediblər.
Forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan tədbiri giriş sözü ilə açaraq, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. O bildirib ki, hər iki ölkənin ziyalılarını bir məkanda birləşdirən forum vasitəsilə Azərbaycan və Türkiyə arasındakı media əlaqələri yeni müstəviyə daşınacaq.
“Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər qonaqları salamlayaraq forumun keçirilmə tarixinə diqqət çəkib.
Aqil Ələsgər qardaş ölkədə hərbi çevrilişə cəhdin növbəti ildönümünə təsadüf edən forumun əhəmiyyətini məhz həmin çevriliş cəhdi ilə əlaqələndirib:
“Türkiyədə hərbi çevrilişə cəhd edilən həmin gün – 15 iyulda mən də qardaş ölkədə idim və həm Azərbaycan, həm də Türkiyə mediasını izləmə imkanım var idi. Azərbaycan mətbuatında ilk dəqiqələrdən etibarən bu cəhd demokratiyaya qarşı zərbə kimi dəyərləndirilmiş, Türkiyə tarixində hərbi çevrilişlərin açdığı yaralara diqqət çəkilərək bunun arxasındakı səbəblər barədə mülahizələr izləyicilərlə bölüşülmüşdür. Bu gün təşkil edəcəyimiz panel müzakirələrdən biri də məhz həmin hərbi çevriliş cəhdi ilə media əlaqələrinə ayrılıb”.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında qeyd edib ki, Türkiyə və Azərbaycan tarixlərində heç vaxt olmadığı qədər əhəmiyyətli bir mərhələdən keçir.
Akgün vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərin təməlində tarixdən gələn sarsılmaz qardaşlıq dayanır:
“Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, eləcə də Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikirləri bu qədim qardaşlığın müasir dövrdə də nə qədər canlı və təsirli olduğunu nümayiş etdirir. “Bir millət, iki dövlət” prinsipi bizim əsas şüarımızdır. “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” yanaşması isə daim fəaliyyətlərimizə yön verən əsas prinsip olaraq qalır.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bu dəyərlərin ən parlaq təmsilçiləridir və daim birlikdə addımlayırlar. Əliyevin sözləri ilə desək, bu münasibət sarsılmaz bir qardaşlıq nümunəsidir. Dünya nizamının yenidən formalaşdığı indiki dövrdə Türkiyə-Azərbaycan birliyi sadəcə arzulanılan bir münasibət deyil, artıq strateji bir zərurətə çevrilib. Bu qardaşlığın həm mədəni, həm tarixi, həm də rasional əsasları mövcuddur.
Ən ağrılı və sınaqlarla dolu günlərdə belə bu qardaşlıq güclü dayanıb və uğurla sınaqlardan çıxıb. Gələcəkdə üzləşə biləcəyimiz çətinlikləri də birlikdə aşacağımıza əminik. Bu münasibətlərin daha da möhkəmlənməsində medianın üzərinə də mühüm vəzifələr düşür”.
Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında deyib ki, Azərbaycan ilə Türkiyə bir-birinin məsələlərini daim yaxından izləyir və bu münasibətlər yüksək səviyyədə qarşılıqlı həssaslıq üzərində qurulub.
Onun sözlərinə görə, bu prosesdə ən böyük məsuliyyətlərdən biri də media nümayəndələrinin üzərinə düşür. Yazılan və deyilən hər sözə diqqətlə, məsuliyyətlə yanaşmaq vacibdir.
Tənzilə Rüstəmxanlı xüsusilə qeyd edib ki, 15 iyul çevriliş cəhdi zamanı Azərbaycan xalqı hadisələrə son dərəcə həssas reaksiya verib və baş verənlərdən dərin şəkildə təsirlənib. Bu da Azərbaycan-Türkiyə münasibətlərindəki sarsılmaz həmrəyliyin və qardaşlıq bağlarının bariz göstəricisidir. O bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı yalnız iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün nümunəvi bir modeldir.
Millət vəkili Səbinə Salmanova Azərbaycanla Türkiyə arasındakı əlaqələrin son illər daha da artdığını və əlaqələrin bu inkişaf səviyyəsinə yüksəlməsində lider – Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan faktorunun önəmli rol oynadığını bildirib.
Rəsmi çıxışlardan sonra Forum öz işini “15 İyul” və “Media və qardaşlıq” başlıqlı panel müzakirələrlə davam etdirib.
Paneldə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqli Ələsgər, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, “Oxu.az” saytının köşə yazarı Kübra Məhərrəmova, “Kanal D” televiziyasının Ankara nümayəndəsi Zəfər Şahin, “Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, “Axşam” qəzetinin Ankara nümayəndəsi Emin Bazarçı, “Türk Media”nın Ankara təmsilçisi Melih Yiğitəl, “Təqvim” qəzetinin köşə yazarı Əkrəm Qızıldaş, “Kon TV” icraçı direktoru Nurəddin Bay, “Türkgün” qəzetinin Ankara nümayəndəsi Qədir Yıldız və digərləri iştirak edib.
Çıxışlar zamanı Türkiyədə hərbi çevrilişə cəhdin mediaya yansıması və Azərbaycan mətbuatının hadisəyə reaksiyası barədə fikir mübadiləsi aparılıb, bu məsələlər ətrafında təkliflər irəli sürülüb.














