"Beşiktaş" azarkeşlərini həyəcanlandıran xəbər: "Real Madrid"in ulduzunun ardınca düşdü

Transfer çalışmalarını davam etdirən "Beşiktaş" sağ cinahı gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib. Məlumata görə, Misirli ulduz Məhəmməd Salahın transferindən imtina edən İstanbul təmsilçisi indi diqqətini "Real Madrid"in mərakeşli futbolçusu Brahim Diaza yönəldib.

Referans Media xəbər verir ki, Salahın menecerinin imic hüquqları və forma satışından yüksək pay tələb etməsi səbəbindən danışıqlar dayandırılıb. Bundan sonra "Beşiktaş" rəhbərliyi sağ cinah üçün alternativ variantları dəyərləndirməyə başlayıb.

İddialara görə, qara-ağlılar "Real Madrid"lə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq Brahim Diazın transfer şərtlərini və maliyyə tələblərini araşdırır.

Mənbədə bildirilir ki, transferin reallaşması üçün əsas amillərdən biri baş məşqçi Joze Mourinyonun qərarı olacaq. İspaniya nəhənginin heyətinə yeni futbolçular cəlb etməsindən sonra Diazın ayrılığına razılıq veriləcəyi təqdirdə danışıqların sürətlənəcəyi iddia olunur.

26 yaşlı futbolçu ötən mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 42 oyuna çıxaraq 2 qol vurub, 9 məhsuldar ötürmə edib. O, həmçinin Dünya Kubokunda Mərakeş millisinin heyətində keçirdiyi 6 qarşılaşmada 4 assistlə yadda qalıb.

Texniki bacarığı, sürəti və çoxfunksiyalılığı ilə seçilən Brahim Diaz sağ və sol cinahlarla yanaşı, "10 nömrə" mövqeyində də çıxış edə bilir. Daha əvvəl onun adı "Qalatasaray"la da hallandırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki