Yeni mövsüm öncəsi heyətini gücləndirməyə çalışan "Fənərbaxça"nın transfer siyahısına daha bir ulduz hücumçunun adı əlavə olunub. Portuqaliya mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisi "Benfika"nın yunan forvardı Vanqelis Pavlidisi transfer etmək istəyir.
A Bola nəşrinin iddiasına əsasən, "Fənərbaxça" rəhbərliyi hücumçu transferini prioritet hesab edir və Madriddə keçiriləcək görüşlərdə əsas müzakirə mövzularından biri Pavlidis olacaq.
Referans Media xəbər verir ki, Portuqaliya klubu 26 yaşlı futbolçunu komandanın əsas simalarından biri hesab edir və onu satmaq niyyətində deyil. Yalnız çox yüksək məbləğdə təklif daxil olacağı təqdirdə transfer danışıqlarına razılıq verilə biləcəyi bildirilir.
İddialara görə, Pavlidislə yalnız "Fənərbaxça" deyil, "Barselona" başda olmaqla bir sıra Avropa nəhəngləri də maraqlanır. Yunan hücumçunun gələcəkdə İngiltərə Premyer Liqasında çıxış etməyi hədəflədiyi, lakin cəlbedici təklifləri də nəzərdən keçirdiyi qeyd olunur.
Transfer bazarında dəyəri 28 milyon avro olaraq qiymətləndirilən Vanqelis Pavlidisin "Benfika" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Yunanıstan millisinin üzvü ötən mövsüm Portuqaliya klubunun heyətində keçirdiyi 53 rəsmi oyunda 30 qol vurub və 6 məhsuldar ötürmə verərək Avropanın ən məhsuldar hücumçularından biri kimi diqqət çəkib.
