"Qalatasaray"ın uzun müddətdir heyətinə qatmaq istədiyi milli futbolçu Can Uzunun transferində həlledici mərhələyə qədəm qoyulub. Sarı-qırmızılı rəhbərliyin bu həftə Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə son danışıqları apararaq transferi tamamlamağa çalışdığı bildirilir.
Referans Media xəbər verir ki, "Qalatasaray" futbolçunun özü ilə aparılan danışıqlarda böyük irəliləyiş əldə edib. Can Uzunun İstanbul klubunun təqdim etdiyi layihəyə müsbət yanaşdığı və şəxsi şərtlərlə bağlı razılığın böyük ölçüdə əldə olunduğu qeyd olunur.
Baş məşqçi Okan Burukun da 20 yaşlı futbolçunu komandasında görmək istədiyi bildirilir. Həm "10 nömrə", həm də ikinci hücumçu mövqeyində çıxış edə bilən Can Uzun çox yönlü oyun üslubuna görə "Qalatasaray"ın əsas transfer hədəflərindən biri hesab olunur.
Gənc futbolçunun Türkiyə millisinin üzvü olması və yerli statusda çıxış edə bilməsi də sarı-qırmızılıların bu transferə xüsusi önəm verməsinə səbəb olur.
Hazırda əsas məsələ "Qalatasaray" ilə "Ayntraxt Frankfurt" arasında transfer məbləği ilə bağlı danışıqlardır. İstanbul təmsilçisinin bu həftə ərzində razılıq əldə olunacağı təqdirdə transferi rəsmiləşdirmək istədiyi bildirilir.
Avropanın bir sıra klublarının diqqətində olan Can Uzunun mümkün transferi "Qalatasaray" üçün həm bu günə, həm də gələcəyə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
