"Qalatasaray"ın Fransa təmsilçisi "Renn"lə keçirdiyi hazırlıq oyununda Viktor Osimhenin etdiyi hərəkət qarşılaşmanın ən çox danışılan anlarından birinə çevrilib.
Referans Media xəbər verir ki, RAMS Parkda keçirilən və 3:3 hesabı ilə başa çatan görüşdə "Qalatasaray"da kapitanlıq sarğısı ilə bağlı maraqlı an yaşanıb. Komandanın kapitanı Əbdülkərim Bardakçı 74-cü dəqiqədə oyundan çıxarkən sarğını Viktor Osimhenə verib.
Lakin nigeriyalı hücumçu kapitanlıq sarğısını qoluna taxmaq əvəzinə onu komanda yoldaşı Yunus Akgünə uzadıb. Yunus Akgün Osimhenin sarğını özü taxmasını istəsə də, ulduz futbolçu bu təklifi qəbul etməyib. Bundan sonra kapitanlıq sarğısını Yunus Akgün taxıb.
Osimhenin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "Qalatasaray" azarkeşlərinin bir qismi bunu sadəcə şəxsi seçim kimi qiymətləndirib. Digər qisim isə son günlər gündəmdə olan transfer iddialarını xatırladaraq bu davranışın ayrılıq ehtimalı ilə əlaqəli ola biləcəyini iddia edib.
Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk daha əvvəl açıqlamasında Viktor Osimheni gələcəkdə komandanın kapitanları sırasında görmək istədiyini bildirmişdi.
Ulduz futbolçunun bu jestinin səbəbi isə hələlik rəsmi olaraq açıqlanmayıb.
