İngiltərə Premyer Liqasının təmsilçisi "Fulhem" hücum xəttini "Real Madrid"in gənc istedadı Qonsalo Qarsiya ilə gücləndirib. London klubu 22 yaşlı ispaniyalı forvardın transferini rəsmi şəkildə açıqlayıb.
Referans Media xəbər verir ki, "Fulhem" bu keçidlə klub tarixinin ən bahalı transferinə imza atıb. İngiltərə təmsilçisi Qonsalo Qarsiya üçün "Real Madrid"ə 40 milyon avro sabit ödəniş edib. Müqavilədə əlavə olaraq 2 milyon avro bonus və gələcək satışdan İspaniya nəhənginə 30 faiz pay verilməsi də nəzərdə tutulub.
Gənc hücumçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq 5 illik müqavilə imzalanıb. Bu transferlə Qarsiya "Fulhem"in tarixində ən yüksək məbləğ qarşılığında alınan futbolçu olub.
Yeni klubunda ilk açıqlamasını verən Qonsalo Qarsiya ona göstərilən etimada görə təşəkkür edib.
"Burada olduğum üçün çox minnətdaram və çox xoşbəxtəm. Mənə güvənən rəhbərliyə və Arbeloaya təşəkkür etmək istəyirəm. Həqiqətən çox həyəcanlıyam və tezliklə işə başlamaq istəyirəm", – deyə futbolçu bildirib.
"Real Madrid"in akademiyasından yetişən Qonsalo Qarsiya gələcəyin perspektivli hücumçularından biri hesab olunur. Onun "Fulhem"ə keçidi həm İngiltərə, həm də Avropa futbolunda diqqətçəkən transferlərdən biri kimi qiymətləndirilir.
