Bir nasazlıq ABŞ-ni silkələdi: Minlərlə reys ləğv edildi, Tramp hərəkətə keçdi - ABŞ-də nə baş verir?

ABŞ-də hava hərəkətinə nəzarət sistemində baş verən texniki nasazlıq ölkə üzrə aviasiya nəqliyyatında ciddi xaosa səbəb olub. Minlərlə reysin ləğv edilməsindən sonra Prezident Donald Tramp köhnəlmiş infrastrukturun yenilənməsi üçün 50 milyard dollarlıq maliyyə ayrılmasını dəstəkləyib.

Referans Media xəbər verir ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) radar və rabitə sistemlərində yaranan nasazlıq səbəbindən ölkə üzrə uçuşlar təxminən 4,5 saat dayandırılıb. Məlumata görə, hadisə nəticəsində cümə günü təxminən 12 min uçuşun həyata keçirilməsinə maneə yaranıb, şənbə gecəsinədək isə 6 400-dən çox reys ləğv edilib. Çikaqo, Atlanta və Dallas kimi böyük hava limanlarında sərnişin sıxlığı yaranıb.

ABŞ rəsmilərinin ilkin açıqlamalarına görə, problemin əsas səbəblərindən biri onilliklərdir istifadə olunan rabitə infrastrukturudur. Nəqliyyat naziri Şon Daffi bildirib ki, köhnə mis kabellərin fiber-optik kabellərlə əvəzlənməsi zamanı şəbəkədə texniki problem yaranıb. Marşrutlaşdırıcılardan birinin həddindən artıq yüklənməsi məlumat axınının pozulmasına səbəb olub. İlkin araşdırmalarda kiberhücum və ya xarici dövlət müdaxiləsinə dair sübut aşkarlanmayıb. Bununla belə, nasazlığın dəqiq səbəbi araşdırılır.

Hadisədən sonra Donald Tramp ABŞ-nin hava hərəkətinə nəzarət sisteminin əsaslı şəkildə yenilənməsinin vacibliyini vurğulayıb. O, mövcud infrastrukturun böyük hissəsinin təxminən 50 illik olduğunu bildirərək Konqresə müraciət edib. Nəqliyyat naziri Şon Daffi isə sistemin modernləşdirilməsi üçün 50 milyard dollarlıq maliyyə tələb olunduğunu açıqlayıb. Vəsaitin rabitə şəbəkələrinin, radar sistemlərinin və hava hərəkətinə nəzarət infrastrukturunun yenilənməsinə yönəldilməsi nəzərdə tutulur. Qeyd edək ki, administrasiya əvvəlcə təxminən 30,1 milyard dollar vəsait tələb etsə də, uçuş böhranından sonra bu rəqəm 50 milyard dollara yüksəlib.

Tramp administrasiyasının yeni maliyyə tələbi Konqresdə müzakirələrə səbəb olub. Demokrat konqresmenlər 2025-ci ildə hava hərəkətinə nəzarət sisteminin yenilənməsi üçün artıq 12,5 milyard dollar ayrıldığını, lakin bunun yalnız təxminən 1 milyard dollarının xərcləndiyini bildiriblər. Nəqliyyat naziri Daffi isə mövcud vəsaitin bütün infrastruktur ehtiyaclarını qarşılamaq üçün kifayət etmədiyini müdafiə edib. Tramp baş verənlərə görə keçmiş prezident Co Bayden administrasiyasını da tənqid edib. Daffi isə problemin son 20-30 ildə yığılıb qalmış investisiya çatışmazlığı ilə əlaqəli olduğunu bildirib.

FAA texniki nasazlığın aradan qaldırılmasından sonra uçuşların bərpasına icazə verib. Lakin hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi və 50 milyard dollarlıq maliyyə tələbinin Konqresdə təsdiqlənməsi ilə bağlı proseslər davam edir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki