Bu görüntülər hər kəsi kövrəltdi: "Trabzonspor" azarkeşləri Fatih Tekkeyə dəstək verdi - VİDEO

"Trabzonspor"un UEFA Avropa Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a 0:4 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalması baş məşqçi Fatih Tekkeyə ağır təsir edib. Məğlubiyyətdən sonra istefasını rəhbərliyə təqdim edən, lakin istefası qəbul edilməyən Tekkenin komanda avtobusunda başı aşağı vəziyyətdə oturduğu görüntülər diqqət çəkib.

Referans Media xəbər verir ki, Fatih Tekkenin kədərli vəziyyətini görən Trabzonspor azarkeşləri məşqçiyə dəstək olmaq üçün avtobusun qarşısına toplaşıb.

Bordo-mavililər avtobusun içində başını aşağı salan Tekkeyə səslənərək: “Başını aşağı salma, salma! Əhvalını pozma, pozma. Allah səndən razı olsun!” – deyə dəstək nümayiş etdiriblər.

Azarkeşlərin bu sözləri qarşısında Tekkenin yaşadığı emosional anlar diqqətdən yayınmayıb.

"Trabzonspor" Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a 0:1 hesabı ilə məğlub olmuşdu. Macarıstandakı cavab qarşılaşmasında isə rəqibinə 0:4 hesabı ilə uduzan Türkiyə təmsilçisi turnirlə vidalaşıb. Bordo-mavililər qarşılaşmanı 9 futbolçu ilə tamamlayıb.

Ağır məğlubiyyətdən sonra Fatih Tekke istefasını rəhbərliyə təqdim etsə də, klub rəhbərliyi onun qərarını qəbul etməyib. "Trabzonspor" Avropa Liqasından kənarda qalsa da, avrokuboklarda mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki