Hindistanda ayı hücumu faciə ilə nəticələndi: İki qardaş öldü, yeni görüntülər yayıldı - VİDEO

Hindistanın Çhattisqarh ştatında baş verən ayı hücumu nəticəsində iki qardaş həyatını itirib, bir nəfər isə ağır yaralanıb. Hadisədən sonra ərazidə toplaşan insanların ayıya müdaxilə etdiyi anları əks etdirən görüntülər yayılıb.

Referans Media xəbər verir ki, hadisə ştatın Kanker bölgəsində baş verib. Məlumata görə, ayı əkin sahəsi yaxınlığında insanlara hücum edib. Xarici mediada yayılan xəbərlərə görə, hücum nəticəsində qardaş olan 40 yaşlı Çamrin Jurri və 38 yaşlı Halalkhor Jurri həyatını itirib. Qardaşlarını xilas etməyə çalışan onların bacısı Xorin Bai isə ağır yaralanıb.

Bildirilib ki, Kanker və Dhamtari bölgələrində baş verən ayrı-ayrı ayı hücumları nəticəsində ümumilikdə 4 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Hadisədən sonra bölgədə çox sayda insan toplaşıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların əllərindəki çubuqlarla ayıya müdaxilə etdiyi görünür. Ayının həmin müdaxilə nəticəsində öldürüldüyü iddia edilsə də, bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Hadisədən sonra bölgə sakinləri meşə idarəsinin müdaxiləsinin gecikdiyini bildirərək narazılıq ediblər. Səlahiyyətli qurumlar isə yeni hücumların qarşısını almaq üçün ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki